...

Bakı 2020 Olimpiya Oyunlarının Təşkilat Komitəsində yeni rəhbər təyinatı baş tutub

İdman Materials 8 Fevral 2012 12:58 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov Bakı 2020 Olimpiya Oyunlarının Təşkilat Komitəsinə kommunikasiyalar üzrə rəhbər təyin edilib.
Bakı 2020 Olimpiya Oyunlarının Təşkilat Komitəsində yeni rəhbər təyinatı baş tutub

Azərbaycan, Bakı, 8 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov Bakı 2020 Olimpiya Oyunlarının Təşkilat Komitəsinə kommunikasiyalar üzrə rəhbər təyin edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Təşkilat Komitəsindən bildirilib.

Bakı 2020 Təşkilat Komitəsində yeni vəzifəsi ilə yanaşı, Məmmədov bu ilin sentyabr ayında Bakıda keçiriləcək U-17 FİFA qadınlar arasında futbol üzrə dünya çempionatına hazırlıq işlərinə də rəhbərlik edir. Eyni zamanda, Elxan Məmmədov UEFA-nın Sosial Məsuliyyət və Ədalətli Oyun Komitəsinin vitse-prezidenti və UEFA-nın oyunlar üzrə nümayəndəsidir.

Yeni təyinatı ilə bağlı Məmmədov bildirib ki, Olimpiya Oyunlarının Bakıda keçirilməsini bütün xalq dəstəkləyir. "Həm U-17 qadınlar arasında futbol üzrə dünya çempionatı, həm də Olimpiya Oyunlarının Bakıda keçirilməsi milyonlarla gəncin dünyaya baxışını genişləndirər, hörmət, dostluq və ədalət kimi olimpiya dəyərlərinin aşılanmasına kömək edər. Eyni zamanda, bu, dünya gənclərinə Azərbaycanı, onun mədəniyyəti və qonaqpərvərliyini daha yaxından tanıtmaq imkanı verər", - o bildirib.

Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq edib.

Azərbaycanda Bakının namizədliyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. İlk təqdimat 2012-ci ilin fevral ayında baş tutmalıdır.

2012-ci ilin aprel ayında BOK-un İcraiyyə Komitəsinin iclasında 6 iddiaçı ölkədən hansının növbəti mərhələyə keçməsinə qərar veriləcək, həmin qərar isə rəsmi olaraq mayın 20-25-də Kanadanın Kvebek şəhərində elan olunacaq.

BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.

Azərbaycanın Milli Olimpiya Komitəsi Bakının namizədliyini 2016-cı il Yay Olimpiya Oyunları üçün də irəli sürmüşdü. Lakin BOK 2016-cı ildə Olimpiadanın Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilməsini qərara alıb.

Xəbər lenti

Xəbər lenti