Azərbaycan, Bakı, 24 fevral /Trend/
Azərbaycan taekvondoçuları Las Veqasda keçirilən ABŞ-ın açıq çempionatında ("US Open") uğurla iştirak ediblər.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, turnirin 4 final görüşündə iştirak edən idmançılarımız 4 gümüş, bir bürünc medala sahib olublar.
London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Ramin Əzizov (80 kq) zədə səbəbindən final döyüşünə çıxa bilməyib. Millimizin daha bir üzvü İlkin Şahbazov (74 kq) da yarışdan gümüş medalla ayrılıb. Qadın taekvondoçularımızdan isə Xəyalə Quliyeva (46 kq) və Fəridə Əzizova (67 kq) ikinci yeri tutublar. Fariz Əliyev (74 kq) isə yarımfinalda qələbəni əldən verməklə bürüncə sahib olub. Səbinə Mikayılova (62 kq) isə mübarizəni ¼ finalda dayandırmalı olub.
Bundan başqa, Azərbaycan millisi turnirin ən mübariz komandası mükafatına da layiq görülüb.
Qeyd edək ki, WTF-in "G2" kateqoriyalı bu yarışında qaliblərə 20, finalçılara 12, bürünc mükafatçılara isə 8 reytinq xalı verilir. Ramin Əzizovla Fəridə Əzizovanın London Olimpiadasındakı 15 potensial rəqibindən 3-ü də "US Open"də iştirak edib.
Milli komandamızın üzvləri ayın 27-də vətənə dönəcək.