Azərbaycan, Bakı, 15 may /Trend/
Mayın 18-də Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsi start götürəcək. 3 gün davam edəcək yarışda Azərbaycanı 4 kanoeçi təmsil edəcək.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bunlar Sergey Bezuqlıy, Maksim Prokopenko, Adnan Əliyev və Andrey Kraytordur. Kraytor 1 nəfərlik qayıqla (C-1) 200 metr və 500 metr, Əliyev 1000 metr və 5000 metr məsafələrə yürüşlərə qatılacaq. Bezuqlıy - Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 200 metr, 500 metr və 1000 metr məsafələri qət edəcək.
Kanoeçilər milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında çıxış edəcəklər. Mayın 12-də səfərə çıxan nümayəndə heyətinə Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyeva başçılıq edir.
Qeyd edək ki, Adnan Əliyev Dünya Kubokunun I mərhələsi öncəsi 16-17 mayda elə Poznanda 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifatında (European Olympic Qualifier) mübarizə aparacaq. O, 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə ilk 2 pillədən birini tuta bilsə, olimpiadaya vəsiqə qazanacaq. Sergey Bezuqlıy - Maksim Prokopenko dueti isə artıq 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə hələ ötən il dünya çempionatında olimpiya vəsiqəsinə yiyələnib.