Azərbaycan, Bakı, 26 iyul /Trend/
Kokain daşıdığına görə Çilidə həbs edilən rusiyalı futbolçu Maksim Molokoedov "Santyaqo Morninq" klubu ilə müqavilə bağlayıb. Klub Çili çempionatının ikinci divizionunda çıxış edir. Bu barədə Trend cümə axşamı Rusiya mətbuatına istinadən məlumat verir.
24 yaşlı oyunçunun yeni klubunda debütü iyulun 28-nə planlaşdırılıb. Bunadək Molokoedov Rusiyada "Pskov-747" və Sankt-Peterburqun "Dinamo" komandalarında top qovub.
O, Santyaqo aeroportunda 6 kiloqram kokainlə tutulduqdan sonra 2010-cu ildə 3 il həbs cəzasına məhkum edilmişdi. Futbolçu cəzasının böyük hissəsini çəkib və həbsxanada yaxşı davranışına görə müəyyən üstünlük əldə edib.
Belə ki, onun iş günlərində kameranı 7 saat yarım müddətinə tərk etmək haqqı var. İstirahət günlərində klubunda çıxış etmək üçün Molokoedova xüsusi icazə almaq lazımdır.