...

FISA Azərbaycan avarçəkənini olimpiya çempionluğuna namizəd göstərib

İdman Materials 26 İyul 2012 19:06 (UTC +04:00)
Beynəlxalq Akademik Avarçəkmə Federasiyası (FISA) 2012-ci il London Yay Olimpiya Oyunlarında bu növ üzrə 14 mümkün qızıl medalı qazanmağa daha iddialı kişi və qadın idmançıların adlarını açıqlayıb.
FISA Azərbaycan avarçəkənini olimpiya çempionluğuna namizəd göstərib

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Beynəlxalq Akademik Avarçəkmə Federasiyası (FISA) 2012-ci il London Yay Olimpiya Oyunlarında bu növ üzrə 14 mümkün qızıl medalı qazanmağa daha iddialı kişi və qadın idmançıların adlarını açıqlayıb.

Trend Milli Avarçəkmə Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycanı təmsil edəcək akademik avarçəkənlərdən Nataliya Mustafayeva da olimpiya çempionluğuna namizədlər siyahısında göstərilib.

FISA-nın rəsmi saytında (www.worldrowing.com) yerləşdirilən yazıda bildirilir ki, qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yürüşdə ən şanslısı belaruslu Yekaterina Karstendir. 40 yaşlı avarçəkən artıq 6-cı dəfə olimpiadada iştirak edəcək. Əvvəllər o, 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb: "Karstenin həm özünəinamı, həm də təcrübəsi növbəti medalı qazana biləcəyinə əminlik yaradır. Lakin belaruslu idmançını isveçli Frida Svensson və çexiyalı Mirka Knapkova ötən iki dünya çempionatında qızıl medallardan məhrum edib".

Növbəti namizəd sayılan 31 yaşlı Knapkovanın bütün karyerası boyunca 1 nəfərlik qayıqla çıxış etdiyi vurğulanıb: "Çexiyalı avarçəkən 2011-ci il dünya çempionluğunu qazanıb və Londonda da qızıl medala doğru yavaş-yavaş irəliləyir".

FISA əməkdaşlarının fikrincə, yeni zelandiyalı Emma Tviqq və çinli Syun Çanq da qalib ola bilər: "36 yaşlı Çanq sonuncu dəfə 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında 2 nəfərlik qayıqla yürüşdə gümüş medal qazanıb. 25 yaşlı Emma Tviqq isə daha gənc olmasına baxmayaraq, ötən mövsüm Dünya Kubokunda qızıl medala yiyələnib".

Nataliya Mustafayevaya haqqında isə bunlar qeyd olunub: "Ola bilsin, Mustafayevanın da şansları çoxdur. O, son zamanlar medallar uğrunda mübarizədə parlaq çıxışı ilə fərqlənib. Bu avarçəkənin lazımi olimpiada təcrübəsi də var".

Qeyd edək ki, Nataliya Mustafayeva əvvəllər Ukrayna milli komandasının heyətində 4 nəfərlik qoşa avarlı qayıqla 2008-ci il Avropa çempionatında qızıl medal qazanıb. Həmin ilk keçirilmiş Pekin Yay Olimpiya Oyunlarında isə 27 yaşlı avarçəkən 4-cü yeri tutub. O, 1 nəfərlik qayıqla ilk dəfə 2009-cu il Avropa çempionatına qatılsa da, 6-cı yerlə kifayətlənib. Lakin bu il Mustafayeva Azərbaycan təmsilçisi kimi Dünya Kubokunun I mərhələsində bürünc medal qazanıb, sonrakı iki mərhələdə isə müvafiq olaraq, 4-cü və 5-ci yerləri tutub.

Xəbər lenti

Xəbər lenti