Azərbaycan, Bakı, 8 oktyabr /Trend/
Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçularının adı məlum olub.
Trend-in məlumatına görə, 2011-2012-ci il mövsümündə Unibank Premyer Liqasının ayrı-ayrı nominasiyalar üzrə ən yaxşı oyunçuları və ən yaxşı baş məşqçisinin seçimi məqsədilə İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən aparılmış sorğu başa çatıb.
Respondentlər aşağıdakı nominasiyalar üzrə ən yaxşıları müəyyənləşdiriblər:
1. Ən yaxşı qapıçı
2. Ən yaxşı müdafiəçi
3. Ən yaxşı yarımmüdafiəçi
4. Ən yaxşı hücumçu
5. Ən yaxşı baş məşqçi
6. Ən yaxşı futbolçu
7. mövsümün tapıntısı (gənc futbolçu)
Respondentlərin hər bir nominasiya üzrə 3 nəfəri fərqləndirmək imkanı olub. 1-ci yerə 5 xal, 2-ci yerə 3 xal, 3-cü yerə 1 xal müəyyənləşdirilib.
Qaliblərin adları oktyabrın 10-da 2011-2012-ci il mövsümünün ən yaxşılarının mükafatlandırılma mərasimində açıqlanacaq. Bununla belə, ən yaxşı futbolçu nominasiyasında daha çox səs toplamış "3-lük" indidən bəyan olunub. Bunlar Ruslan Abışov, Flavinyo və Bahadır Nəsimovdur. Hər üç futbolçu ötən mövsüm "Neftçi" klubunun heyətində çıxış edib. Flavinyo və Nasimovdan fərqli olaraq, Abışov hazırda karyerasını "Neftçi"də yox, "Xəzər Lənkəran"da davam etdirir.