...

“Qızıl əlcək” klubunun əsas hədəfi 2016-cı il olimpiadasında qızıl medallar qazanmaqdır (FOTO)

İdman Materials 16 Yanvar 2013 09:27 (UTC +04:00)
Yanvarın 7-11-də Bakıdakı “Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçirilib.
“Qızıl əlcək” klubunun əsas hədəfi 2016-cı il olimpiadasında qızıl medallar qazanmaqdır (FOTO)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Yanvarın 7-11-də Bakıdakı "Sərhədçi" İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçirilib.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin
İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yarışda respublikanın müxtəlif şəhər və rayonlarının klub və cəmiyyətlərinin, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin, Azərbaycan Respublikası Rabitə Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və tanınmış şirkətlərin - "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin "Qızıl Əlcək", Gilan Holdinqin "Gilan", "Baku Fires" idman klubları və s. klubları təmsil edən idmançılar mübarizə aparıblar.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən çempionatda "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin "Qızıl Əlcək" İdman Klubunun idmançıları ümumilikdə 5 medal qazanıblar. Komandanın hesabına ilk medalı 49 kq çəki dərəcəsində yarışan Araz İmaməliyev yazdırıb. O, 3-cü yeri tutaraq çempionatın bürünc medalına layiq görülüb. Ən ali mükafatı isə, doğma komandaya 60 kq çəki dərəcəsində çıxış edən Şaban Şahpələngov bəxş edib. Final görüşündə 19-22 yaşlılar arasında Avropa çempionatının qalibi Elvin İsayevlə üz-üzə gələn gənclər arasında dünya çempionu Şaban Şahpələngov rəqibinə 6 xal fəqrilə qalib gələrək (19:13) qızıl medala layiq görülüb.

"Qızıl Əlcək" İK-nin daha üç idmançısı - Tapdıq Bayramov (64 kq) və Elnur Süleymanov (69 kq) çempionatın gümüş, 91 kq çəki dərəcəsində çıxış edən Toğrul İsayev isə, bürünc medallarını əldə ediblər.

Ümumkomanda hesabında Azərbaycan Respublikası Rabitə Nazirliyinin "Rabitə" İdman Klubunun komandası 1-ci, Azərbaycan Dövlət Neft Şirkətinin "Neftçi" İdman Klubunun komandası 2-ci, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin "Qızıl Əlcək" İdman Klubu 3-cü yeri tutub.

Yarışdan sonra mətbuata məlumat verən "Qızıl Əlcək" İdman Klubunun baş məşqçisi Rəhim Allahverdiyev hədəflərinin 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək və Azərbaycana qızıl medallar gətirmək olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti