...

Zaqatala stadionunda təmir-bərpa işləri gələn ay başa çatacaq

İdman Materials 28 İyun 2013 20:27 (UTC +04:00)
"Simurq" Peşəkar İdman Klubunun stadionunda təmir-bərpa işləri aparılır.
Zaqatala stadionunda təmir-bərpa işləri gələn ay başa çatacaq

Azərbaycan, Bakı, 28 iyun /Trend/

"Simurq" Peşəkar İdman Klubunun stadionunda təmir-bərpa işləri aparılır.

Trend Kanal S-ə istinadən məlumat verir ki, tezliklə Zaqatala Olimpiya İdman Kompleksinin stadionu beynəlxalq səviyyəli turnirlərə ev sahibliyi edəcək. Belə ki, stadionun süni ot örtüyü dünya standartlarına uyğun yenilənir. 2008-ci ildə istifadəyə verilən stadionun ot örtüyü o zaman üçün standartlara uyğun sayılsa da, hazırda UEFA və FIFA standartlarına uyğun şəkildə bərpaya ehtiyacı var.

Uzunluğu 110 metr, eni 66 metr olan stadionda təmir işlərinə 10-a yaxın texnika, 40-a yaxın canlı işçi qüvvəsi cəlb olunub. Süni örtüyün birinci qatına töküləcək xüsusi kvars adlanan qum Bolqarıstandan gətirilib. Örtüyün ikinci qatı xüsusi rezindən, üçüncü qatı isə dünya standartlarına cavab verən süni ot örtüyündən ibarət olacaq. Bundan əlavə, elə stadionun yanında yerləşən yardımçı stadionda da təmir-bərpa işlərinin aparılması nəzərdə tutulub.

İyun ayının əvvəllərində başlanılan təmir işlərinin avqust ayının əvvəlində başa çatdırılması gözlənilir. Yeni, müasir tələblərə uyğun təmir ediləcək stadion beynəlxalq turnirlərə də ev sahibliyi edəcək.

Qeyd edək ki, yaxın zamanlarda bölgədə futbolun inkişafına təkan vermək məqsədi ilə Zaqatala rayonunda Simurq Futbol Akademiyasının açılışı da nəzərdə tutulub. Köhnə süni ot örtüyü söküldükdən sonra onun materiallarından istifadə edilməklə Zaqatalanın böyük kəndlərində yeni meydançalar salınacaq. Həmin meydançalarda "Simurq" futbol məktəbləri açmaq, ucqar kəndlərdən mərkəzə gələ bilməyən uşaqların futbolun sirlərini öyrənməsi üçün imkanlar yaradılması nəzərdə tutulur. Burada seçilənlər komandanın aşağı yaş qruplarının əsas heyətlərinə cəlb olunacaqlar. Zaqatala şəhər stadionunda isə Niderlandın "Edel Qras" şirkətinin FIFA-nın ikiulduzlu standartlarına cavab verən və 2013-cü il istehsallı süni ot örtüyü döşənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti