...

"Synergy Baku" Avropa turlarına start verir

İdman Materials 20 Fevral 2014 19:42 (UTC +04:00)
Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku” 2014-cü ilin Avropa turlarına start verir.
"Synergy Baku" Avropa turlarına start verir

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku" 2014-cü ilin Avropa turlarına start verir.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, komandamızın üzvləri fevralın 23=də Sloveniyada keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı birgünlük "İzola" Qran-Prisində mübarizə aparacaqlar.

Heyətə 5 velosipedçi daxil edilib ki, onlardan da üçü "Synergy Baku"nun heyətində debüt edəcək - bunlar avsrtiyalı Markus Eybeger və Yan Sokol, həmçinin irlandiyalı Filipp Laveridir. Digər iki velosipedçi isə ötəl il də komandamızın uğurları üçün çalışan ukraynalı Aleksandr Surutkoviç və irlandiyalı Konnor Makkonveydir.

İştirakçılar birgünlük yarışda 142 km məsafə qət etməlidirlər. Komanda məşqçilərinin taktikasına əsasən, kollektivin digər üzvləri M.Eybegerin öndə getməsinə çalışacaqlar. İdman direktoru Stefan Rukerin sözlərinə görə, Markus yürüşün son mərhələlərində daha şanslıdır: "Eybeger mövqe mübarizəsində və yüksəklikləri dəf etməkdə daha bacarıqlıdır. Kiçik qruplarda isə sürət yığa bilmək hesabına velosipedçimiz fəxri kürsüdə yer ala bilər. Ümumiyyətlə, hər bir üzvümüz Avropada başlanan yeni mövsümdən çox məmnundur və uğurlu nailiyyətlərə inanırıq".

M.Eybeger bildirib ki, bu yarış onun üçün yeni bir çağırışdır və "Synergy Baku"nun heyətində yeni mərhələyə başlayır: "Qış fasiləsindən sonra yenidən yürüş həyəcanını hiss etmək xoş hissdir. Martda keçiriləcək Tayvan turunda da iştirak edəcəyimi nəzərə alsaq, gücümü yoxlamaq üçün əla imkan qazandığımı düşünürəm".

Komandanın baş meneceri David MakKveyd isə son günlər "Synergy Baku"nun kifayət qədər aktiv dönəm keçirdiyini deyib: "Kollektivin bəzi üzvləri hazırda cənab yarımkürəsində Lanqkavi turuna, bir hissəsi isə Sloveniyada "İzola" Qran-Prisinə hazırlaşır. 3 yeni üzvümüz ilk yarışda uğurlu nəticə qazanmaq iddiasındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti