...

"Tour d’Azerbaidjan" beynəlxalq velosiped turu cari ildə 2.1 kateqoriyasında keçiriləcək

İdman Materials 4 Aprel 2014 17:58 (UTC +04:00)
Aprelin 4-də “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilat komitəsinin iclası keçirilib.
"Tour d’Azerbaidjan" beynəlxalq velosiped turu cari ildə 2.1 kateqoriyasında keçiriləcək

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Aprelin 4-də "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun təşkilat komitəsinin iclası keçirilib.

İclasda Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyi, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman, Daxili İşlər nazirliklərinin, Bakı şəhər Baş Polis, Dövlət Yol Polisi, "İçərişəhər" Dövlət tarixi-memarlıq qoruğu idarələrinin, "Azəryolservis" ASC-nin, Bakı Sərnişin Nəqliyyat MMC-nin nümayəndələri, Bakı şəhərinin rayonlarının, Abşeron rayonunun, Sumqayıt şəhər İcra Hakimiyyətlərinin məsul vəzifəli şəxsləri iştirak ediblər.

Federasiyadan Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti və turun təşkilat komitəsinin sədri Sahib Ələkbərov "Tour d'Azerbaidjan-2014" beynəlxalq velosiped turu barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunan "Tour d'Azerbaidjan-2014" Beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur.

Mayın 7-də start götürəcək "Tour d'Azerbaidjan-2014" beynəlxalq velosiped turu 5 mərhələdə keçiriləcək. Bakı şəhərindən start götürən ilk mərhələ Sumqayıt şəhərində başa çatacaq, sonrakı mərhələdə isə Bakı şəhərini və 8 rayonu əhatə edəcək. 5 mərhələnin marşrutlarının ümumi uzunluğu 840 km-ə yaxındır.

Bildirilib ki, ötən il keçirilmiş "Tour d'Azerbaidjan" yarışının yüksək səviyyədə təşkil olunduğunu nəzərə alan Beynəlxalq Velosipedçilər İttifaqı bu il yarışın statusunu bir qədər də yüksəltmiş və cari ildə yarış 2.1 kateqoriyasında keçiriləcək. Əgər əvvəllər veloturda əsasən kontinental və yığma komandalar iştirak edirdisə, 2.1 formatında təşkil ediləcək yarışda pro-kontinental, kontinental və milli yığma komandalar mübarizə aparacaq.

Veloturda 22 ölkədən, o cümlədən Azərbaycan, ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya, Niderland, Belçika, Çin, Danimarka, Avstraliya, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər xarici ölkələrdən 500 nəfərdən çox iştirakçının iştirakı gözlənilir. Veloturda "Synergy Baku Cycling Project" daxil olmaqla 25 komanda iştirak edəcək. Komandalar arasında 8 profesional kontinental komanda, 16 kontinental komanda və bir milli komanda var.

İclasda veloturun təşkilat komitəsinin üzvü, Almaniyanın "Freunde Eventagentur GMBH" şirkətinin rəhbəri Albrext Röder çıxış edərək turun marşrutları və texniki məsələləri barədə müfəssəl məlumat verib. Sonra "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun təşkilatı işləri barədə müvafiq dövlət qurumlarının və yerli icra orqanlarının məsul nümayəndələri ilə fikir mübadiləsi aparılıb, işlərin daha yüksək səviyyədə təşkili istiqamətində tədbirlər müzakirə edilmiş və müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, "Tour d'Azerbaidjan-2014" velosiped turunun bütün mərhələlərinin yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən "Eurosport" televiziya kanalı vasitəsilə geniş işıqlandırılması nəzərdə tutulur. "Eurosport" televiziya kanalı hər mərhələdən sonra efirdə tur barədə yarım saatlıq proqram hazırlayacaq, son mərhələdən isə 1.5 saatlıq yayımla dünya ölkələrinə birbaşa yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti