...

"Tour d’Azerbaidjan" veloyürüşü ölkəmizin beynəlxalq arenada tanıdılmasına xidmət edən mühüm bir tədbirdir

İdman Materials 5 May 2014 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend/

Mayın 7-dən 11-dək ölkəmiz daha bir nüfuzlu beynəlxalq idman yarışına ev sahibliyi edəcəkdir. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d'Azerbaidjan" beynəlxalq veloturunun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov veloturla bağlı görülən işlər, eləcə də Azərbaycan velosipedçilərinin hazırlıq səviyyəsi ilə bağlı AzərTAC-ın suallarını cavablandırmışdır.

- "Tour d'Azerbaidjan" veloyürüşünün keçirilməsi artıq bir ənənə halı almaqdadır. Yarışın başlanmasına çox az vaxt qalır. Hazırlıq işləri necə gedir?

- Həqiqətən də, Azərbaycanda belə bir veloyürüşün keçirilməsi artıq ənənə halı almışdır. İki il əvvəl biz 23 yaşadək gənclər arasında ilk veloyürüşü, bir il sonra isə kontinental komandalar arasında beynəlxalq "Tour d'Azerbaidjan" yarışını təşkil etdik. Hər iki yarışın təşkili Beynəlxalq Velosipedçilər İttifaqını qane etdiyindən, o bu il bizim təklifimizi qəbul edərək "Tour d'Azerbaidjan" veloyürüşünün səviyyəsini artırmış və ona 2.1 kateqoriyası vermişdir. Bu isə o deməkdir ki, Azərbaycanda keçiriləcək builki turda yalnız kontinental və milli komandalar deyil, həm də peşəkar kontinental komandalar iştirak edə biləcəklər. Azərbaycana gəlişi təsdiqlənmiş 22 ölkəni təmsil edən 25 komandadan 8-i - "MTN-Qhubeka" (CAR), "Caja Rural-Seguros RGA" (İspaniya), "Neri Sottoli", "Androni Giocattoli" (İtaliya), "Drapac Professional Cycling" (Avstraliya), "Team Novo Nordisk" (ABŞ), "Rusvelo" (Rusiya) və "CCC Polsat-Polkowice" (Polşa) məhz pro-kontinental lisenziyalıdır. Dünyada mövcud olan 17 pro-kontinental komandadan 8-nin bizim turda iştirakı özlüyündə müsbət göstəricidir.

Hazırda turun Təşkilat Komitəsi tərəfindən marşrutlar boyunca yolların və onların ətrafının yürüş üçün hazırlanması, təhlükəsizlik tədbirlərinin görülməsi, komandaların və çoxsaylı texniki heyətin hazırlığı və fəaliyyəti üçün şəraitin yaradılması, turun işıqlandırılması məqsədilə müvafiq texniki proseslər və digər işlər başa çatdırılmaq üzrədir.

- "Tour d'Azerbaidjan" veloyürüşünün marşrutları ötənilkindən fərqlənirmi?

- Beş marşrutdan üçü demək olar ki, keçənilki kimidir. Dəyişikliklər isə birinci və sonuncu mərhələlərlə bağlıdır. Bu il birinci mərhələ Dövlət Bayrağı Meydanından start götürərək Qaradağ, Abşeron, Binəqədi rayonlarının ərazilərindən keçməklə Sumqayıt şəhərində yekunlaşacaqdır. Sonuncu - beşinci mərhələdə velosipedçilər Azadlıq meydanından start götürərək Zığ şosesi, Qala yolu, Şüvəlan, Mərdəkan, Buzovna, Zuğulba, Bilgəh, Nardarana qədər gedərək geriyə dönəcək və aeroport yolundan keçməklə Heydər Əliyev prospekti ilə yenə Azadlıq meydanına qayıdacaq, daha sonra Neftçilər prospekti tərəfdən İçərişəhərə daxil olaraq paytaxtımızın mərkəzi küçələri ilə 6 dəfə dövrə vuraraq Hökumət evinin qarşısında finiş xəttini keçəcəklər. Turun 2, 3 və 4-cü mərhələlərinin marşrutları demək olar ki, əvvəlki kimi qalmışdır. Beləliklə, yarış iştirakçıları tarixi və müasir memarlıq nümunələrinin vəhdəti ilə göz oxşayan Bakı və Sumqayıt şəhərləri, qədim İçərişəhər, eləcə də Böyük Qafqaz dağları, öz füsunkar təbiəti ilə seçilən Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonları ilə tanış olacaqlar.

Velosiped idmanı digər idman növlərindən onunla fərqlənir ki, digər yarışlar əsasən bir qapalı məkanda keçirildiyi halda, bu yarışlar yüzlərlə kilometr məsafəni əhatə etməklə düzənlik, dağlıq ərazilərdən və müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli, turistləri maraqlandıran yerlərinin bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir. Bu baxımdan, yarışın çox zəngin mədəni və tarixi irsə və gözəl təbiətə malik bölgələrimizdən keçməsi həm velosipedçilərin öz güclərini sınaması, həm də bu yarışın izləyiciləri olacaq çox saylı xarici ölkə vətəndaşları üçün ölkəmizin tanıdılmasına xidmət edir.

Onu da qeyd etmək istərdim ki, 2015-ci ildə təşkil olunacaq Avropa Oyunlarında iştirak edəcək velosipedçilərin də "Tour d`Azerbaidjan"ın son, Bakı mərhələsinin marşrutunun Avropa Oyunlarının Təşkilat Komitəsi ilə razılaşdırılmış şəhərdaxili hissəsi ilə hərəkət edəcəkləri nəzərdə tutulduğundan, builki yarış həm də "Bakı-2015"-ə hazırlıq xarakteri daşıyacaqdır.

- Azərbaycanı bu yarışda "Synergy Baku" komandası təmsil edəcək. Komandamız haqqında fikirlərinizi bilmək maraqlı olardı. Yeni yaradılmış komandanın nəticələrindən razısınızmı?

- "Synergy Baku" çox gənc bir kontinental komandadır. 2013-cü il komanda üçün debüt ili olsa da, onun üzvləri ötən il iştirak etdikləri UCI təqviminə daxil edilmiş yarışlarda 15 dəfə podiuma çıxa və Azərbaycanı ləyaqətlə təmsil edə bilmişlər. Komandanın tərkibində bu il trek üzrə dünya çempionu olmuş avstraliyalı Lük Deyvison, öz ölkələrinin çempionları titulunu qazanmış irlandiyalı Metyu Bremiye, Konnor Makkonvey və azərbaycanlı Elçin Əsədov kimi güclü velosipedçilər vardır. Komandaya rəhbərlik edən peşəkar menecer və məşqçilər onun dinamik inkişaf planını hazırlayıb həyata keçirirlər.

Mən inanıram ki, hər ay bir neçə beynəlxalq yarışda iştirak edən "Synergy Baku" bu dəfə daha güclü rəqib olan pro-kontinental komandalarla mübarizə aparsalar da, yenə də əvvəlki kimi ölkəmizi layiqincə təmsil edəcəklər. Biz komandamızın azərbaycanlı üzvlərindən Elçin Əsədov, Samir Cəbrayılov, Tural İsgəndərov kimi perspektivli velosipedçilərə böyük ümidlər bəsləyirik.

- "Tour d'Azerbaidjan" Avropa turu hesab olunsa da, əslində dünyanın bütün qitələrindən olan komandaların qatıldığı bir yarışıdır. Belə səviyyəli velosiped idmanı yarışlarının mühüm bir xüsusiyyəti də onların geniş işıqlandırılması, dünya televiziya kanallarının diqqətini yarışa cəlb etməkdir. Bu istiqamətdə hansı işlər görülür?

- Siz çox mühüm bir məsələyə toxundunuz. Əvvəl də qeyd etdiyim kimi, bu səviyyəli velosiped yarışları yüz minlərlə tamaşaçı toplayan, milyonlarla idman həvəskarlarının televiziya vasitəsilə izlədiyi möhtəşəm bir idman hadisəsi olmaqla bərabər, həm də onun keçirildiyi ölkənin bütün dünyaya tanıdılması və təbliği üçün gözəl bir imkandır. Biz də bu imkandan yetərincə yararlanmaq üçün yarışın həm yerli, həm də beynəlxalq televiziya kanallarında və sosial şəbəkələrdə geniş yayılmasına çalışırıq.

Aprelin 14-dən başlayaraq hər gün bir neçə dəfə bizim hazırladığımız musiqili reklam videoçarxı "Eurosport İnternational" və "Eurosport-2" kanallarında bütün dünyaya yayımlanır və bu, yarışın sonunadək davam edəcəkdir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həmin videoçarx aprelin 25-dən etibarən "Euronews" televiziya kanalı vasitəsilə də yayımlanır. "Eurosport" televiziya kanalı ilə əldə olunmuş razılığa əsasən, yarışın hər mərhələsindən sonra velosiped həvəskarları gərgin mübarizənin 26 dəqiqəlik geniş icmalını bu kanal vasitəsilə izləyə biləcəklər. Beşinci mərhələnin son 1,5 saatı isə həm "Eurosport", həm də "İdman Azərbaycan" televiziya kanalları ilə canlı olaraq yayımlanacaqdır. Bundan başqa, xarici ölkələrdən gəlmiş çoxsaylı idman jurnalistləri də turu geniş işıqlandıracaq, eləcə də veloyürüşün rəsmi www.tourdeazerbaidjan.com saytı yarışa informasiya dəstəyi verəcəkdir.

- Velosiped yarışı ilə əlaqədar Bakı şəhərində yenə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqmı?

- Yarışın 5-ci mərhələsində və qismən də 1-ci mərhələsində Bakı şəhərində, eləcə də veloturun marşrutunun keçdiyi istiqamətlərdəki yollarda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq və ya dayandırılacaqdır. Bu, dünyanın hər yerində belədir.

Məsələn, Fransada yüz ildir ki, keçirilən "Tour de France" yarışları zamanı Parisin mərkəzi və onun əsas yollarından biri olan "Yelisey çölləri", əlli ildir ki keçirilən "Tour of Turkey" zamanı İstanbulda şəhərin mərkəzi, Topkapı Sarayının ətrafı və İstanbulun Asiya ilə Avropa hissəsini bir-birinə bağlayan və əsas hərəkət qovşağı olan körpü belə bağlanır. Bu il 5 yarış günündən 3-ü, yəni mayın 9-u, 10-u və 11-i iş günü olmadığından, bu məhdudiyyətlər nəqliyyatın hərəkətinə elə bir ciddi problem yaratmamalıdır. Ümumiyyətlə, hər il yarışın son - Bakı mərhələsi isə paytaxt sakinlərinin rahatlığına ciddi xələl gətirməmək məqsədilə həftənin bazar günləri keçirilir. Saat 14.00-dək yarış başa çatır və bütün yollar açılır. May ayının 11-də həmin vaxtadək əhalidən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər. Əhalinin əvvəlcədən məlumatlandırılması məqsədilə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ərazilərdəki binaların girişlərində yerləşdirilməsi üçün xüsusi plakatlar çap edilərək müvafiq icra hakimiyyətlərinə paylanmışdır. Bu barədə yarış ərəfəsində polis orqanlarının nümayəndələri də KİV vasitəsilə sürücülərə lazımi xəbərdarlıq edirlər.

- "Tour d`Azerbaidjan" velosiped yürüşünün keçirilməsi, istərsə də son illər həvəskar velosipedçilər üçün yaradılan şərait idmanın bu növünə ictimai marağı artırmışdır. Azərbaycanda velosiped idmanının inkişafı üçün hazırda daha hansı işlər görülür?

- Əgər iki il əvvəl küçələrimizdə və yollarda çox nadir hallarda velosipedçi görmək olardısa, artıq Azərbaycanda velosiped sürənlərin sayının artdığını hər birimiz müşahidə edirik. Onu da nəzərə almaq lazımdır ki, velosiped təkcə idman aləti deyildir. O həm də insanların sağlamlığına xidmət edən, hamının böyük maraq göstərdiyi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir.

Azərbaycanda velosiped idmanına bugünkü kimi diqqət heç vaxt göstərilməmişdir. Dövlətimizin başçısı İlham Əliyevin velosiped hərəkatının inkişafı ilə bağlı tövsiyələrinə uyğun olaraq, ölkəmizdə geniş və kompleks tədbirlər proqramı reallaşdırılır. Artıq İsmayıllıda müasir velosiped zavodunun tikintisinə başlanmışdır. Bu zavodun gələn il öz məhsullarını satışa çıxaracağı planlaşdırılır.

Dənizkənarı Milli Parkda yaradılmış velosiped yolları artıq böyük populyarlıq qazanmışdır. Burada hər gün müxtəlif yaşlı insanlar səhərdən axşamadək velosiped sürürlər. Bu yaxınlarda Gəncə şəhərində müasir velosiped kirayə məntəqələri, habelə uzunluğu 20 kilometrə çatan velosiped yolları istifadəyə verilmişdir. Belə yollar Şəmkir və digər rayonlarda da salınmışdır və bu proses davam edir.

Bakının Səbail rayonunda Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə yaradılmış velopark velosiped həvəskarları arasında böyük marağa səbəb olmuşdur. Veloparkda həm peşəkar velosiped yarışlarının, həm də təlim və məşqlərin keçirilməsi, habelə Bakı sakinlərinə burada müxtəlif idman növləri, yaxud ailəvi fəal istirahətlə məşğul olmaq üçün gözəl imkan vardır. Burada dağ velosiped idmanının (mountain bike) inkişafı üçün də xüsusi yollar çəkilmişdir. Hazırda bu ərazidə 2015-ci ildə keçiriləcək Avropa Oyunlarının idman obyektlərindən biri olan BMX stadionun inşası davam etdirilir. Metronun 20 Yanvar stansiyası yaxınlığındakı köhnə velotrekin yenidən qurulması işləri də yekunlaşmaq üzrədir və bir neçə aydan sonra o, velosipedçilərimizin istifadəsinə veriləcəkdir.

Velosiped idmanının populyarlaşdırılması üçün hər il bölgələrdə müxtəlif yarışlar, o cümlədən velosiped idmanı üzrə Azərbaycan çempionatları təşkil olunur. Yeni klublar və məktəblər yaradılır, istedadlı gənc velosipedçilərə təqaüdlər ayrılır, maddi-texniki bazasının gücləndirilməsi üçün lazımi addımlar atılır. Uşaqların və gənclərin velosiped idmanına marağını artırmaq üçün ayrıca tədbirlər həyata keçirilir. Məsələn, gənclərin kompyuter oyunlarına marağını nəzərə alaraq, həmçinin onların diqqətini "Tour d`Azerbaidjan" veloturuna cəlb etmək məqsədilə veloturun elektron oyun versiyası hazırlanaraq internetdə yerləşdirilmişdir.

Ümidvarıq ki, görülən işlər velosiped idmanının daha da inkişaf etdirilməsinə və kütləviləşdirilməsinə, əhali, xüsusilə də gənclərimiz arasında idmanın bu növünə marağın artmasına təkan verəcəkdir. Velosiped idmanının inkişafı isə öz növbəsində dövrümüzün ciddi bir bəlasına çevrilməkdə olan ürək-damar xəstəliklərinin azalmasına, habelə vaxtının çoxunu kompyuterlərin və ya televiziya ekranlarının qarşısında keçirən gənclərimizin müəyyən bir müddətə bu məşğuliyyətdən aralanaraq təmiz havada, təbiət qoynunda fəal istirahətlə məşğul olmalarına və sağlam həyat tərzinə üstünlük vermələrinə də müsbət təsir göstərə bilər.

Fürsətdən istifadə edərək, mən hamını bu möhtəşəm idman bayramına tamaşa etməyə və "Synergy Baku" komandasını dəstəkləməyə dəvət edirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti