...

"Tour d’Azerbaidjan-2014" başa çatdı (ƏLAVƏ OLUNUB) (FOTO)

İdman Materials 11 May 2014 15:05 (UTC +04:00)

Təfərrüatlar əlavə edilib (ilk xəbər saat 12:00-da yayılıb)

Azərbaycan, Bakı, 11 may /Trend/

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d'Azerbaidjan-2014" beynəlxalq velosiped turuna yekun vurulub.

Trend-in məlumatına görə, yürüşün sonuncu - 5-ci mərhələsi Bakıda keçirilib. Velosipedçilər 202 km uzunluğu olan mərhələyə saat 09:00-da Azadlıq meydanından start veriblər. Onlar Bakının mərkəzi küçələri və prospektlərindən keçərək Abşerona, oradan Nardarana yürüş ediblər. Ardınca yenidən başlanğıc nöqtəyə - Hökumət Evinin qarşısına qayıdan idmançılar burada finiş xəttini keçiblər.

Mərhələnin qalibi adına Fransanın "Team La Pomme Marseille 13" komandasının üzvü Jüstin Jül layiq görülüb - 4 saat, 41 dəqiqə, 7 saniyə. Finiş xəttini onun ardınca veloyürüşün 3-cü mərhələsınin qalibi Yusif Reqiqi ("MTN-Qhubeka", CAR) keçib. İlk "üçlüyü" isə Adrian Honkiş ("CCC Polsat Polkowice", Polşa) tamamlayıb.

Yarışın yekun sıralanmasına əsasən, Rusiyanın "RusVelo" komandasının üzvü İlnur Zakarin 5 günün yekununa görə qalibə verilən göy köynəyə sahib çıxıb. "Synergy Baku" komandasının velosipedçisi, Azərbaycanın U-23 milli komandasının üzvü Samir Cəbrayılov isə ən yaxşı azərbaycanlı velosipedçi kimi təltif edilib.

Göy köynək (ümumi sıralanma) - İlnur Zakarin ("RusVelo", Rusiya)
Qırmızı köynək (ən yaxşı dağ yürüşçüsü) - Linus Gerdemann ("MTN Qhubeka", CAR)
Yaşıl köynək (ən yaxşı sprinter) - Vitali Buts ("Kolss", Ukrayna)
Ağ-bənövşəyi forma (ən yaxşı gənc velosipedçi) - Pobert Pauer (Avstraliya milli komandası)
Göy-qırmızı-yaşıl, alov əksi olan forma (ən yaxşı azərbaycanlı velosipedçi) - Samir Cəbrayılov ("Synergy Baku", Azərbaycan)

J.Jül qeyd edib: "Bu gün keçirilən mərhələyə Rusiyanın "RusVelo" komandası yaxşı nəzarət etdi. Yoxuş çox çətin idi. Biz 6 dəfə həmin yerdən keçməli olduq. Komandam mənə lazımi köməyi etdi və sonda mərhələni qalib kimi bitirdim. Yarışın təşkilatçılığına gəlincə, hər şey yüksək səviyyədə idi".

İ.Zakarin deyib: "Bu gün çox çətin mərhələ idi. Komanda yoldaşlarım mənə dəstək oldular və onların sayəsində qalib adını qazandım. Gələcəkdə daha da inkişaf etmək istəyirəm və bunun üçün çalışacağam".

Linus Gerdemann bildirib: "Yarış bizim üçün çox yaxşı alındı. 2 mərhələnin qalibi olduq, bu dəfə isə ikinci gəldik. Son mərhələ çətin idi. Amma biz bu günü də nəticə ilə bitirdik. 3-cü mərhələnin qalibi olan komanda yoldaşım Yusif Reqiqi bu dəfə ikinci yeri tutdu. Ümumi götürdükdə, nəticə "MTN Qhubeka" üçün yaxşıdır".

Robert Pauer vurğulayıb: "Çox yaxşı hisslər keçirirəm. Bu, komandamız üçün yaxşı nəticədir. Ən azından bir köynəyi qazandıq və nəticəmdən çox razıyam".

Vitali Buts deyib: "Biz yaxşı nəticə göstərdik. Yarışı mənim üçün uğurlu saymaq olar. Çünki yekunda yaşıl köynəyi əldə etdim. Çalışacağam ki, mövsümü də belə uğurla bitirəm".

Samir Cəbrayılov bildirib: "Mənə bu köynəyi qazanmaq xoşdur. Amma gələcəkdə çox çalışaraq göy köynəyi qazanmaq istərdim. Bunun üçün mənə təxminən 2 il vaxt lazımdır".

Komanda hesabında birinci yeri Ukrayna "Kolss"u tutub. Azərbaycan təmsilçisi "Synergy Baku" isə 25 komanda arasında 10-cu olub.

Qeyd edək ki, yarışda 22 ölkədən 8-i Pro-kontinental olmaqla 25 komandanın tərkibində ümumilikdə 150 velosipedçi 5 gün ərzində 838 km məsafəni qət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti