Azərbaycan, Bakı, 24 may /Trend/
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) yüksək vəzifəli üzvləri işlərin gedişi haqqında hesabatı bu gün Kipr Respublikasının paytaxtı Nikoziya şəhərində Avropa Olimpiya Komitələrinin (EOC) Seminarına təqdim ediblər.
Trend-in məlumatına görə, seminar bu gün Avropanın 49 Milli Olimpiya Komitəsini (MOK) salamlayan və cəmiyyətdə idmanın dəyərini vurğulayan Kipr Respublikasının Prezidenti cənab Nikos Anastasiades tərəfindən rəsmi şəkildə açıq elan edilib.
Əməliyyatlar üzrə baş direktor Saymon Kleq çıxışında deyib: "Biz ilk Avropa Oyunlarına ev sahibliyi etmək şərəfinə layiq görülməkdən məmnunluq duyuruq və Avropa Olimpiya Komitələrinin Seminarı Avropa MOK-na son aylarda nail olduğumuz əhəmiyyətli irəliləyiş haqqında məlumat vermək üçün əla imkandır. Biz böyük uğur qazanırıq və iyunun 12-də yarışların başlanmasına bir il qalmasının qeyd edilməsinə yaxınlaşdığımıza görə hazırlıq işlərinə nə dərəcədə nail olduğumuz barədə məlumat vermək mühüm əhəmiyyət kəsb edir. Biz Avropa Olimpiya Komitələri ilə qurduğumuz yaxşı əlaqədən faydalanırıq və ilk Avropa Oyunlarını keçirməyə hazırlaşdığımıza görə onlarla sıx əməkdaşlıq şəraitində işləməyi davam etdirəcəyik."
Təqdimatda əsas diqqət Bakı 2015 komandasının 2013-cü ilin noyabr ayında Roma şəhərində AOK Baş Assambleyasında nümayəndələrə işlərin gedişi barədə məlumat verdikdən sonra ötən vaxt ərzində qazanılmış uğur üzərində cəmləşib.
Son vaxtlar görülən işlər haqqında məlumatla yanaşı, gələn ay Bakı şəhərində keçiriləcək qarşıdan gələn Nümayəndə Heyəti Rəhbərlərinin (Chef de Missions) Seminarına hazırlıq işləri, birinci Bakı 2015 sınaq yarışlarının təfərrüatları və MOK ilə bağlı operativ məsələlər barəsində də məlumatlar verilib.
Atletlərə Xidmətlər və Əməliyyatlar üzrə direktor Ceyms Makleod isə çıxışında deyib: "Biz son vaxtlar Avropa Oyunlarına hazırlıq işlərimiz ilə bağlı önəmli irəliləyişə nail olmuşuq və bu, Avropanın qalan hissəinə işlərimiz haqqında məlumat verməkdən ötrü əla imkan olmuşdur. Biz Avropa Olimpiya Komitələrinin çoxsaylı idman növlərini əhatə edən yarışın uğurla keçirilməsi konsepsiyasını gerçəkliyə çevirəcəyimizə inanırıq. O yarış ki, bütöv qitə ondan zövq alacaq və onlara işlərimizin gedişi barədə məlumat vermək lazımdır."
Nikoziya şəhərində görüşlər zamanı Azərbaycanın gənclər və idman naziri və BEGOC-un Baş İcraçı direktoru Azad Rəhimov Bakı şəhərindəki yarış obyektlərinin tamamlanması ilə bağlı işlərin gedişi, qarşıdan gələn Gənclərin Avropa Olimpiya Sınaq Yarışları, Avropa Bədii Gimnastika Çempionatı və Yarışların Başlanmasına Bir İl Qalması ilə bağlı tədbirlər barəsində AOK prezidenti Patrik Hikiyə məlumat verib.
AOK-nin 35-ci görüşü olan Seminar həm də Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Olimpiya idman hərəkatının müvafiq qaydada idarə olunmasına dair Həmrəylik Forumuna ev sahibliyi edəcəkdir.
Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-nə qədər keçiriləcək və qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa Oyunları olacaq.
Bakı 2015 Avropa Oyunlarında ümumilikdə 19 idman növü olacaq: 16 Olimpiya idman növü və üç qeyri-Olimpiya idman növü. 17 yarış günü ərzində 6000-dən çox idmançının öz xalqlarını təmsil edəcəyi gözlənilir.
İdman növlərinin doqquzu 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiadası üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına kamandan ox atma, atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitələri (EOC) tərəfindən 2012-ci ilin dekabr ayında həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunları EOC ilə əməkdaşlıq şəraitində təşkil edərək həyata keçirəcəkdir.