...

DİN: Gürcü azarkeşlərin Bakıdakı hərəkətləri siyasi motivli olmayıb

İdman Materials 5 Avqust 2014 13:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 5 avqust /Trend, müxbir Nana Kirsxaliya/

Bakıda Azərbaycanın "Neftçi" və Gürcüstanın "Çixura" futbol komandaları arasında keçirilən oyundan sonra baş verən insidentin iştirakçısı olan gürcü azarkeşlərin hərəkətlərində siyasi motiv olmayıb. Trend-in məlumatına görə, bu barədə Gürcüstan DİN-in çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, hüquq-mühafizə orqanlarının nümayəndələri gürcü azarkeşlərlə görüşüb söhbət ediblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının "Neftçi" və Gürcüstanın "Çixura" futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar. Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub və nəticədə qarşıdurma yaranıb. Xidməti ərazidə ictimai asayişin və təhlükəsizliyin qorunmasına cəlb olunmuş polis və Daxili Qoşunların əməkdaşları tərəfindən görülmüş operativ və qətiyyətli tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.

DİN-in bəyanatında deyilir: "İnsidentin iştirakçıları Nazirliyin rəhbərliyini inandırıblar ki, onların Bakıdakı hərəkətləri siyasi motivli olmayıb və qonşu dövlətin suveren hüquqlarının təhqir edilməsinə yönəlməyib. Gürcü azarkeşlər öz hərəkətlərinin siyasi nəticələrini anlayıblar və qeyd ediblər ki, bundan sonra onların aktivliklərinin iki dost ölkə arasındakı idman tədbirlərinin qarşıdurmaya səbəb olmaması üçün gələcəkdə atacaqları bütün addımları düşünülmüş olacaq".

Cavab matçı avqustun 7-də Tbilisidə keçiriləcək. Gürcüstanın hüquq-mühafizə orqanları gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti