...

"Araz-Naxçıvan" futbolçuları işsiz qala bilərlər

İdman Materials 4 Noyabr 2014 19:53 (UTC +04:00)
“Araz-Naxçıvan” futbol klubunun fəaliyyətini dayandırması komandanın heyətində olan futbolçuların işsiz qalması ilə nəticələnə bilər.
"Araz-Naxçıvan" futbolçuları işsiz qala bilərlər

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

"Araz-Naxçıvan" futbol klubunun fəaliyyətini dayandırması komandanın heyətində olan futbolçuların işsiz qalması ilə nəticələnə bilər.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Muxtar Respublika təmsilçisinin dağılmasından sonra oyunçular qışa kimi klubsuz qalmaq təhlükəsi ilə üzləşiblər. Hələ ki, qısa istirahətə buraxılan futbolçular evdə vəziyyətin necə nəticələnəcəyini gözləyirlər.

"Araz-Naxçıvan"ın gəncəli kapitanı Kamal Bayramov belələri arasındadır. Qapıçı azad transfer alaraq özünün və komanda yoldaşlarının digər klublara keçidlərində problem yaranmayacağına ümid edir: "Belə bir vəziyyətdə bu qədər futbolçunun çoldə qalması yaxşı hal deyil. Azad transfer kimi digər klublara keçidimizə şərati yaradılmalıdır. Futbolçuların günahı yoxdur".

Qeyd edək ki, "Araz-Naxçıvan" PFK ötən gün fəaliyyətini dayandırması ilə bağlı açıqlama verib və PFL-ə rəsmi məktub göndərib. Klubun bugünkü məlumatında deyilir: "Bəzi mətbu orqanlar əsassız xəbərlər yayaraq klubun dağıldığını müəyyən səbəblərlə bağladılar. Lakin bu xəbərlərin çoxu həqiqəti əks etdirmir. Muxtar Respublika klubunun çempionatı tərk etməsi və fəaliyyətinin dayandırmasının səbəbi isə tam fərqlidir. Belə ki, "Araz-Naxçıvan"ın çempionatı tərk etməsinin əsl səbəbi öncədən məlum idi. Çünki klub yaradılarkən öz strategiyasına uyğun olaraq fəaliyyət dairəsi seçmişdi. İlk olaraq yerli futbolçularla güclənməyi qarşısına məqsəd qoyan komandanın əsl məqsədi Azərbaycan futboluna xidmət etmək və yerli oyunçuların gücündən istifadə etmək idi. Lakin zaman keçdikcə klubumuza qarşı bəzi haqsızlıqlar Muxtar Respublika təmsilçisinin fəaliyyətinin dayandırmasına səbəb oldu. Xatırlayırsınızsa, hələ çempionatın 2-ci turunda "Qəbələ", 4-cü turunda isə "Sumqayıt"la oyunda komandamız hakim haqsızlıqları ilə üzləşmiş və bu barədə futbol qurumuna müraciət olunmuşdu. Sonradan məsələ öz həllini tapsa da, klubumuz müəyyən şərtlərlə çempionatda oyunlarına davam etdi. Ancaq sonrakı turlarda məlum hadisələrdən sonra klub rəhbərliyinin səbr kasası daşdı və klubun fəaliyyətinin dayandırılmasına göstəriş verildi. Biz "Araz-Naxçıvan" PFK olaraq, çempionatı təşkil edən PFL-ə, həmçinin futbolun inkişafı üçün çalışan AFFA rəhbərliyinə təşəkkürümüzü bildiririk və çempionatın növbəti turlarında digər klublara uğurlar arzulayırıq. Yarandığı gündən etibarən komandanın daim yanında olan sadiq azarkeşlərimizə minnətdarlığımızı bildiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti