...

Bakı 2015 Avropa Oyunları ilk beynəlxalq idman elçilərini elan edib (FOTO)

İdman Materials 16 Dekabr 2014 15:22 (UTC +04:00)
Bu gün Bakı 2015 Avropa Oyunları gələn yay keçiriləcək Oyunlar üçün idman elçisi seçilmiş beynəlxalq idmançıları təqdim edib.
Bakı 2015 Avropa Oyunları ilk beynəlxalq idman elçilərini elan edib (FOTO)

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Bu gün Bakı 2015 Avropa Oyunları gələn yay keçiriləcək Oyunlar üçün idman elçisi seçilmiş beynəlxalq idmançıları təqdim edib.

Trend-in məlumatına görə, yüksək səviyyəli idmançılar öz idman növlərini təmsil etmək üçün seçilib və İlk Avropa Oyunlarını təşviq etmək məqsədilə bütün qitədə keçiriləcək marketinq kampaniyalarına cəlb olunacaqlar.

Fransalı bədii gimnast Kseniya Moustafayeva və danimarkalı kanoe sprintçisi Rene Holten Poulsen, o cümlədən serbiyalı Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Dejan Majstoroviçdən ibarət basketbol 3x3 komandası idman elçiləri təyin ediliblər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: "Elçi proqramının məqsədi bütövlükdə Avropadan olan yüksək səviyyəli idmançıların, o cümlədən azərbaycanlı medal namizədlərinin İlk Avropa Oyunlarına dəstəyini təmin etməkdir və biz bunun uğurlu olacağına inanırıq. Mən ilk beynəlxalq idman elçilərini təbrik edirəm və biz həm onlarla, həm də Bakı 2015-i təşviq etmək üçün növbəti aylarda elan ediləcək digər elçilərlə işləməyi səbirsizliklə gözləyirik".

Altı nəfər idmançı Avropa Oyunlarını təşviq etmək üçün öz vətənlərində və sosial mediada genişmiqyaslı marketinq kampaniyalarında iştirak edəcəklər.

Dünyanın ən uğurlu oyunçularından biri sayılan 29 yaşlı D.Domoviç deyib: "3x3 formatlı basketbol kimi innovativ bir idman növünün Avropa Oyunlarına daxil edilməsi olduqca həyəcanvericidir və biz azarkeşlərin bu oyunun sürətini və imkanlarını bəyənəcəyindən əminik. Bakı 2015-də Avropanın digər nüfuzlu komandaları ilə yarışmağı səbirsizlikıə gözləyirik".

19 yaşlı xanım K.Moustafayeva bildirib: "Bakı 2015-də gimnastikanı təmsil edəcəyim üçün çox həyəcanlıyam. Gimnastikanın hər 5 bölməsinin təmsil olunduğu Avropa Oyunlarının Avropanın ən yaxşı idmançılarının iştirak edəcəyi möhtəşəm bir tədbir olacağına əminəm".

2008-ci ildə Pekin Olimpiya Oyunlarında gümüş medal qazanmış 26 yaşlı R.H.Poulsen söyləyib: "Bakı 2015-də keçiriləcək kanoe sprinti yarışlarının yaddaqalan olacağı şübhəsizdir və İlk Avropa Oyunlarında bu idman növü üzrə elçi təyin olunmağım olduqca qürurvericidir".

Bakı 2015 bu yaxınlarda 11 nəfər azərbaycanlı idman elçisini təqdim edib və yaxın gələcəkdə daha çox sayda beynəlxalq idman elçisinin elan edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq çərçivəsində Oyunları təşkil və idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti