Azərbaycan, Bakı, 2 aprel /Trend/
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı "Tour d'Azerbaïdjan 2015" veloyürüşünün təqdimat çarxı hazırdır.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, mayın 6-10-da keçiriləcək 5 günlük yürüşdə velosipedçilər ümumilikdə 870 km məsafə qət edəcəklər.
Yarışın proqramına əsasən, iştirakçılar mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-İsmayıllı (187 km), mayın 7-də Qəbələ-Şəki-Qəbələ (180 km), mayın 9-da Qəbələ-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da paytaxtda təşkil olunacaq sonuncu mərhələ (144 km) isə Bakı-2015 ilk Avropa Oyunlarının marşrutu üzrə keçiriləcək.
Qeyd edək ki, "Tour d'Azerbaïdjan 2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar.