Azərbaycan, Bakı, 2 aprel /Trend/
Aprelin 11-də Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları start götürəcək. 2 gün davam edəcək yarışlar üçün Azərbaycan milli komandasının heyəti müəyyənləşib.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran, Belarus və Türkiyə idmançıları da mübarizə aparacaqlar.
Olimpiya Güləş Mərkəzində yarışlara hazırlıqları davam etdirən milli komandamızın mətbuat üçün açıq məşqi keçirilib. Hazırlıqları Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev, federasiyanın baş katibi Əjdər Cəfərov və sərbəst güləş üzrə vitse-prezident Maqomed Aliomarov da izləyiblər.
Məşq başa çatdıqdan sonra I vitse-prezident N.Əliyev Dünya Kuboku yarışlarında ölkəmizi təmsil edəcək sərbəst güləşçilərin adlarını açıqlayıb. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında turnirə yollanacaq heyətdə Yaşar Əliyev, Cəlal Süleymanov (hər ikisi 57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov, Məhəmməd Müslümov (hər ikisi 65 kq), Ruslan Dibirhaciyev (70 kq), Murad Süleymanov, Cəbrayıl Həsənov (hər ikisi 74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıblar.
Qeyd edək ki, sərbəst güləş üzrə milli komandamız "B" qrupunda İran, Belarus və Türkiyə yığmaları ilə mübarizə aparacaq.