Azərbaycan, Bakı, 17 aprel /Trend/
Aprelin 18-də Puerto Rikonun San Xuan şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 13-cü turu çərçivəsində "Baku Fires" yerli "Puerto Riko Hurricanes" klubu ilə qarşılaşacaq. Bu barədə Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir.
Meydan sahibləri 17 xalla qrupda 6-cı yeri tuturlar.
Komandaların heyətləri artıq məlumdur:
"Puerto Rico Hurricanes" - "Baku Fires"
49 kq. Antoni Ortiz - Rəsul Saliyev
56 kq. Qarsiya Mora - Məhəmməd Qurbanov
64 kq. Karlos Adames - Heybətulla Hacəliyev
75 kq. Ceffri Quillen - Jaba Xositaşvili
91 kq. Rosado Joze - Abdulqadir Abdullayev
Bu görüşdən sonra iki boksçumuz - Məhəmməd Qurbanov (56 kq) və Heybətulla Hacəliyev (64 kq) Rio-de-Janeyro olimpiadasına vəsiqəni rəsmiləşdirə bilərlər. Bu mövsüm ilk görüşünə çıxacaq Mora Qurbanov üçün ciddi rəqib olmamalıdır.
Fərdi reytinqdə 3-cü yeri tutan Hacəliyev WSB liqasında debüt edəcək Karlos Adameslə döyüşdə favorit sayılır.
Puerto Riko komandasının heyətində iki dominikanlı boksçu - Mora və Adames rinqə çıxacaq.
"Puerto Rico Hurricanes" 12-ci turda doğma rinqdə "Astana Arlans"a 1:4 hesabı ilə uduzub.
Bu həftə B qrupunda "Astana Arlans" səfərdə "Argentina Condors"un qonağı olacaq. "Caciques Venezuela" doğma divarlar arasında "İtalia Thunder"lə qarşılaşacaq. "Rafako Hussars Poland" isə "USA Knockouts"u qəbul edəcək.
Turnir cədvəli
1. Astana Arlans - 36 xal (döyüşlərin nəticələri 50-10)
2. Baku Fires - 26 (40-20)
3. İtalia Thunder - 23 (36-23)
4. Venezuela Cacquez - 20 (26-34)
5. USA Knockouts - 17 (26-34)
6. Puerto Riko Hurricanes - 17 (26-34)
7. Rafako Hussars Poland - 12 (22- 38)
8. Argentina Condors - 4 (13-46)
Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya Oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.