...

Azərbaycan avarçəkmə növlərində Rio-de-Janeyro olimpiadasına ilk lisenziyanı qazandı

İdman Materials 22 Avqust 2015 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Azərbaycan kayakçısı İnna Osipenko-Rodomska 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 33 yaşlı idmançı bu uğura İtaliyanın Milan şəhərində keçirilən dünya çempionatında imza atıb.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə yer alan Osipenko-Rodomska seçmə mərhələdə Ana Paula Verquts (Braziliya), Oona Vasko (Finlandiya), Maya Rozenkrans İrgens (Danimarka), Liza Karrinqton (Yeni Zelandiya), Mişel Lui Russell (Kanada), Sofia Kampana (İtaliya), Daniela Kondratova (Latviya) və Zoya Manayeva (Moldova) ilə yarışıb. Finişə 1 dəqiqə 54,609 saniyəyə çatan təcrübəli kayakçı yalnız yeni zelandiyalı Liza Karrinqtondan 0,318 saniyə geri qalaraq, 2-ci yeri tutub.

Bu nəticə ilə Osipenko-Rodomska "ilk 6-lığ"a düşdüyü üçün yarımfinala yüksəlib. Növbəti mərhələdə onun rəqibləri Liza Karrinqton (Yeni Zelandiya), Mişel Luiza Russell (Kanada), Ana Paula Verquts (Braziliya), Sofia Kampana (İtaliya), Oona Vasko (Finlandiya), Maya Rozenkrans İrgens (Danimarka), Daniela Kondratova (Latviya) və Zoya Manayeva (Moldova) olub. Osipenko-Rodomska finişə 1 dəqiqə 49,547 saniyəyə 2-ci çatıb və yenə Liza Karrinqtondan 0,318 saniyə geri qalıb. O, ilk "3-lüy"ə düşdüyündən, finala yüksəlib.

Nəhayət, bu gün keçirilən həlledici yürüşdə Azərbaycan təmsilçisi finişə 1 dəqiqə 51,748 saniyəyə çataraq, 5-ci yeri tutub. Yeni zelandiyalı Liza Karrinqton 1 dəqiqə 49,398 saniyə nəticə ilə dünya çempionu olub. Macarıstanlı Anna Karaş 1 dəqiqə 51,125 saniyə göstərici ilə gümüş, finişə 1 dəqiqə 51,478 saniyəyə çatan çinli Yu Ju isə bürünc medal qazanıb. Polşalı Evelina Voynaroska (1:51.622) 4-cü, sloveniyalı Spela Ponomarenko Yaniç (1:52.245) 6-cı, belaruslu Volqa Xucenko (1:52.328) 7-ci, böyük britaniyalı Raçel Kautorn (1:52.628) 8-ci, portuqaliyalı Tereza Portela (1:55.118) 9-cu yeri tutub.

Qaydalara əsasən, qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə ilk "7-liy"ə düşənlər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Bu səbəbdən, onların arasında İnna Osipenko-Rodomska da yer alıb.

Qeyd edək ki, bu, Azərbaycanın avarçəkmə növlərində növbəti olimpiadaya qazandığı ilk lisenziya olub.

Azərbaycan kanoeçisi Valentin Demyanenko 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 32 yaşlı idmançı İtaliyanın Milan şəhərində keçirilən kayak və kanoe üzrə dünya çempionatında ilk "7-liy"ə düşməklə bu uğura imza atıb.

"Bakı 2015" I Avropa Oyunlarının gümüş mükafatçısı, 4 qat dünya və 4 qat Avropa çempionu 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə çıxış edib. Ona seçmə mərhələdə Suren Malxasyan (Yunanıstan), Kastilyo Kastaneda (Meksika), Ronni Ratya (Venesuela), Yuri Çeban (Ukrayna), Naoya Sakamoto (Yaponiya), Madumetya Fillemo Maema (CAR), Abraham Leo Ekiye (Nigeriya) və Vieqas de Seyta (San-Tome və Prinsipi) rəqib olub. Demyanenko yürüşü 40,518 saniyəyə tamamlayaraq, 1-ci yeri tutub və yarımfinala yüksəlib.

Növbəti mərhələdə onun rəqibləri Keyruş Dos Santos (Braziliya), Tomas Simart (Fransa), Adel Mojallalimoğadam (İran), Oleq Tarnovski (Moldova), Karel Palma (Çexiya), Alvaro Torres (Çili), Spens Stuber Mehu (İndoneziya) və Suren Malxasyan (Yunanıstan) olub. Finişə 39,021 saniyəyə çatan Azərbaycan təmsilçisi yalnız Keyruş Dos Santosdan 0,160 saniyə geri qalaraq, 2-ci yeri tutub və elə braziliyalı rəqibi ilə birgə finala vəsiqə qazanıb.

Bu gün keçirilən həlledici yürüşdə Demyanenko finişə 39,489 saniyəyə çataraq, 6-cı yeri tutub. Belaruslu Artyom Kozır (38,605) qızıl, çinli Qianq Li (38,815) gümüş, braziliyalı Keyruş Dos Santos (38,915) bürünc medal qazanıb. Rusiyalı Aleksey Korovaşkov (39,089) 4-cü, litvalı Henrikas Juştauskas (39,105) 5-ci, macarıstanlı Yonatan Haydu (39,675) 7-ci, portuqaliyalı Elder Silva (39,805) 8-ci, ukraynalı Yuri Çeban (39,922) 9-cu yeri tutub.

Qeyd edək ki, bu, Azərbaycanın dünya çempionatında ikinci olimpiya lisenziyasıdır. Daha öncə qadınlar arasında 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə İnnna Osipenko-Rodomska 5-ci yeri tutaraq, ilk "7-liy"ə düşməsi səbəbindən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti