...

Pyotr Svidler: "Bu mənim karyeramda son şansımdır" (FOTO)

İdman Materials 1 Oktyabr 2015 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun finalçısı Pyotr Svidler turnirin final görüşünün çətin olacağını deyib.

Trend bu barədə Dünya Kubokunun mətbuat xidmətinə istinadən xəbər verir.

P.Svidler bildirib ki, finalın özü həlledici görüşdür: "Ona görə rəqibin kim olması o qədər önəmli deyil. Həm Pavel Elyanov, həm də Sergey Karyakin güclü şahmatçıdır. İndiki halda Karyakinə qarşı hazırlaşmışam. Sergey Bakıda çox gözəl oyun göstərdi. Yaxşı formadadır. Hər ikimiz üçün çətin olacağını deməliyəm. Artıq iddiaçılar turnirinə vəsiqə qazanmışam. İndi finalda da uğurlu çıxış etmək istərdim. İddiaçılar turnirinə vəsiqə qazanmaq çox önəmli idi. Yaşım az deyil, bu o deməkdir ki, hər zaman yaxşı oynaya bilməyəcəm. Hər halda şahmat gəncləri sevir. İddiaçılar turniri dünya çempionluğu uğrunda mübarizə aparmağa şərait yaradır. Ona görə çox sevinirəm. Bu mənim üçün son şansdır. Dünya çempionluğu uğrunda mübarizəyə qoşulmaqla hədəfimə çatdım".

P.Svidler final görüşünə ağ fiqurlarla başlayacaq. Finalda şahmatçılar 4 dəfə üz-üzə gələcək. Qalib müəyyənləşməsə finalçılar arasında tay-brek oynanılacaq.

P.Svidlerin fikrincə, həlledici görüşdə favorit yoxdur: "Dünya Kuboku kimi yarışlarda aşkar favorit olmur. Finalda təmkinli və düşünərək hərəkət etmək lazımdır. Tələsmək olmaz. Fikrimcə, şahmat azarkeşlərini maraqlı final gözləyir. Rusiyanın iki təmsilçisi mübarizə aparacaq. Güzəşt olmayacaq. Hər birimiz Dünya Kuboku qazanmaq istəyirik".

P.Svidler Dünya Kubokunun təşkilatçılığını yüksək qiymətləndirdi və hər zaman Azərbaycana gəlməkdən məmnun qaldığını deyib: "Dünya Kuboku çox maraqlı keçdi. Təşkilatçılar xırda detalları belə nəzərə alıblar. Qidalanma yüksək səviyyədədir. Bizə münasibət çox yaxşıdır. Əlbəttə, şahmatçılar fərqli insanlardır, çox şeyə fikir verməyə bilərlər. Lakin turnirin keçirildiyi məkan, zalın tərtibatı idealdır. Əminəm ki, gələn il Bakı şahmat olimpiadasını da yüksək səviyyədə keçirəcək. Ölkənizə gəlməkdən hər zaman məmnunam. Olimpiadada iştirak edib-etməyəcəyimi bilmirəm. Rusiya yığmasında rəqabət çox yüksəkdir. Son aylar heyətə düşmürəm, amma dəvət alsam, hər zaman millinin şərəfini qorumağa hazıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti