Bakı. Trend:
"Formula 1" Avropa Qran Prisinin Bakı şəhər trasından narazı qalan pilotlar evə qayıda bilərlər.
Trend-in "Eurosport"a istinadən verdiyi məlumata görə, bunu "Formula One Management"in prezidenti Berni Ekklstoun deyib.
B.Ekklstoun pilotlar Censon Battonun və Niko Rosberqin trasın ayrı-ayrı sahələrindən şikayət etməsinə münasibət bildirib: "Tras belədir, əgər xoşlarına gəlmirsə, evlərinə getsinlər".
Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.