Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan ilk dəfə tamblinq üzrə Dünya Kubokunda iştirak edəcək.
Bunu Trend-ə tamblinq üzrə milli komandanın baş məşqçisi Adil Hüseynzadə deyib.
Onun sözlərinə görə, Bakıda fevralın 18-19-u keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun əsas xüsusiyyəti məhz budur.
O deyib ki, azərbaycanlı idmançı bu növ yarışda ilk dəfə iştirak edəcək: "Hamı bilir ki, Azərbaycanda yarışlar yüksək səviyyədə təşkil olunur, bu isə idmançılarımızı daha uğurlu çıxışlar üçün həvəsləndirir. Bizim batutçularımız təcrübəlidirlər. Cığırda tullanmada Azərbaycanı Mixail Malkin təmsil edir. Fikrimcə, gənc yaşına baxmayaraq, onun yaxşı şansları var. O, bəxti gətirsə, medallar uğrunda da mübarizə apara bilər”.
A.Hüseynzadə bildirib ki, Dünya Kubokunda tamblinq üzrə yarışlar çox maraqlı keçəcək: “Buraya Rusiyadan çox güclü nümayəndə gələcək. Böyük Britaniyadan iki güclü idmançı olacaq. Malkin ötən ilki Avropa çempionatı ilə müqayisədə təcrübəsini çox artırıb. Hesab edirəm ki, o, yaxşı nəticə göstərəcək. Arzu edirəm ki, idmançılarımızı dəstəkləmək üçün yarışı çox adam canlı izləsin”.
A.Hüseynzadə qeyd edib ki, gələcəkdə tamblinq yarışlarında mütəmadi olaraq iştirak etmək planlaşdırılır: “Bizdə yeni idmançılar böyüyür. İndi aşkar lider Malkindir, amma bir sıra beynəlxalq yarışlarda iştirak etmiş 10-11 yaşlı uşaqlar da var. Onların arasında Zeynəb Qasımlı və Adil Hacızadəni qeyd etmək olar. Ümid edirəm ki, onlar yaxın zamanlarda adlarından söz etdirəcəklər”.
O əlavə edib ki, tamblinq 2018-ci ildə Azərbaycanda keçiriləcək Avropa çempionatının proqramına daxil edilib. Baş məşqçi bu yarışlarda Azərbaycanı 13 yaşdan yuxarı uşaq komandasının təmsil edəcəyini deyib.
Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının yeni Olimpiya dövründə batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.
15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.
Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.
Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq ikinci dəfədir təşkil olunur. Bu il isə tamblinq üzrə bu qəbildən olan yarışların ölkəmizdə debütüdür. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir.
Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fleşmoblarda da iştirak edə biləcəklər.
Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.
Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.