...

Rusiyalı idmançı: Bakı batut gimnastikası üzrə yarışlara daha çox tamaşaçının cəlb olunması üçün hər şeyi edir (FOTO)

İdman Materials 17 Fevral 2017 16:35 (UTC +04:00)
Azərbaycan batut gimnastikası üzrə yarışlara daha çox tamaşaçının cəlb olunması üçün hər şeyi edir
Rusiyalı idmançı: Bakı batut gimnastikası üzrə yarışlara daha çox tamaşaçının cəlb olunması üçün hər şeyi edir   (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan batut gimnastikası üzrə yarışlara daha çox tamaşaçının cəlb olunması üçün hər şeyi edir.

Bu sözləri Trend-ə rusiyalı batutçu, Olimpiya oyunlarının gümüş mükafatçısı Dmitri Uşakov deyib.

Onun sözlərinə görə, gimnastlar hələlik yarışların təşkilatçılığını qiymətləndirə bilməyib, çünki buraya təzə gəliblər: “Amma Bakının artıq böyük təcrübəsi var: ötən il burada Dünya kuboku keçirilib, iki il əvvəl Avropa oyunları. Ona görə mən fikirləşirəm ki, yarışın təşkilatçılığı ilə bağlı narazılıqlar ola bilməz. Fikrimcə, hər şey yaxşı olacaq”.

Milli Gimnastika Arenasının tərtibatı barədə danışan gimnast işıqlandırmanı xüsusi dəyərləndirib: “Zaldakı işıqlandırma başlıca sürprizdir. Biz gözləmirdik ki, Dünya kuboku bu formatda keçiriləcək. Bu şərtlərdə tullanmaq hamı üçün rahat deyil, xüsusilə də bu cür işıq altında iştirak etməmiş gənclər üçün. Mənim artıq təcrübəm var. Mən ötən il də, ondan əvvəl də bu şərtlərdə iştirak etmişəm. Məşqlərdə məndə hər şey alınıb. Bu, tamaşaçılar üçün gözəl və maraqlı görünür. Onların marağını bu idman növünə cəlb etmək lazımdır”.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının yeni Olimpiya dövründə batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.

15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq ikinci dəfədir təşkil olunur. Bu il isə tamblinq üzrə bu qəbildən olan yarışların ölkəmizdə debütüdür. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir.

Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fleşmoblarda da iştirak edə biləcəklər.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti