...

Bakı-2017": "Xəzərdən başlayan səyahət" Astaraya yetişib

İdman Materials 10 Aprel 2017 12:02 (UTC +04:00)
Xəzər dənizindən start götürən Bakı-2017 ümumxalq səyahət turu ötən gün Astaraya yetişib.
Bakı-2017": "Xəzərdən başlayan səyahət" Astaraya yetişib

Bakı. Trend:

Xəzər dənizindən start götürən Bakı-2017 ümumxalq səyahət turu ötən gün Astaraya yetişib.

IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhvali-ruhiyyəsini bəxş etməklə bərabər, həmrəylik və sevinc hissini də nəsib edəcək.

Bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Astara rayonunun Ərçivan kəndində yerləşən məşhur Yanar bulaq ətrafında tədbir keçirilib. Yanar bulaq iki elementi – od və suyu özündə gözəl surətdə birləşdirir. Bulaqdan qaynayan qeyri-adi suyun tərkibində yüksək həcmdə metan var. Bu səbəbdən odu ona yaxınlaşdırdıqda suyun üzərində alov rəqs etməyə başlayır. Yerli sakinlər söyləyirlər ki, suyun müalicəvi keyfiyyətləri var və buna görə uzaq yerlərdən insanlar bu suyu içməyə gəlirlər.

Su mərasimi, şahmat və riyazi biliklər həvəskarı Mirrahil Ağayev, sərbəst güləş üzrə dünya çempionatının bürünc medal mükafatçısı Əliabbas Rzazadə və sərbəst güləş üzrə Azərbaycanın əməkdar idman ustası Məhərrəm Ağayev tərəfindən bulaqdan səhəngə su doldurulması ilə nümayiş etdirilib. Sonra su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib.

Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng mayın 12-də Bakı Olimpiya Stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.

Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Astara Olimpiya İdman Kompleksində möhtəşəm bir layihə – “Sport joys - Regional idman tədbiri” keçirilib. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqə iştirakçılara əyləncəli və rəngarəng anlar yaşadıb.

Mərasim axşam saatlarında Bulvar Parkında keçirilən Su festivalı tədbiri ilə davam edib. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri "Mirvari" rəqs qrupu, "Əvəso" Folklor Xalq kollektivi və Rövşən Cabbarovun ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alıblar.

Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən sərbəst güləş üzrə dünya çempionatının bürünc medal mükafatçısı Əliabbas Rzazadə deyib: “İdman haqqında dərin biliyə sahib olan və eləcə də, belə güclü komandaya malik olan ölkəni təmsil etmək möhtəşəmdir. Bilirəm ki, açılış mərasimində ab-hava heyranedici olacaq. Oyunlara gəlib idmançılarımıza dəstək olun”.

Azərbaycan ərazisini əhatə edən və "Xəzərdən başlayan səyahət"in növbəti dayanacağı aprelin 11-də Şirvan rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir. Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (atletika və para atletika, su idmanı növləri - suya tullanma, su idmanı növləri - üzgüçülük, su idmanı növləri - su polosu, 3x3 basketbol, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvondo, ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

Xatırladaq ki, Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti