Bakı. Trend:
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında yarımfinal mərhələsinə start verilib.
Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, bu mərhələdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb.
56 kq çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançı özbəkistanlı Abdulxay Şaraxmatovla döyüşüb. 1/4 finalda Taoufik Kaçfini asanlıqla mübarizədən kənarlaşdıran T.Əliyev bu dəfə eyni uğuru təkrarlaya bilməyib. O, rinqdən 0:5 hesablı məğlubiyyətlə ayrılıb.
Nəticədə T.Əliyev İslamiadanı bürünc medalla başa vurub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.