Bakı. Vüqar İmanov - Trend:
Azərbaycan Formula 1 yarışını yüksək səviyyədə təşkil edib.
Bunu Trend-ə Bakıya Formula 1 yarışını izləməyə gəlmiş iranlı azarkeş Ramin Heşmət deyib.
O qeyd edib ki, Formula 1 çox əhəmiyyətli bir yarışdır: "Burada tanınmış pilotlar yarışır, eləcə də Formula 1 komandaları öz texnologiyalarını nümayiş etdirirlər".
İlk dəfə paytaxtımızda olan turist Bakının çox gözəl şəhər olduğunu deyib: “Burada gözəl ab-hava var, gözəl tikililər var, insanlar da mehribandır”.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.
Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.