...

Polşa gimnastı: Bakıda gimnastlar üçün şərait möhtəşəmdir

İdman Materials 27 Aprel 2018 18:50 (UTC +04:00)
Bakı Milli Gimnastika Arenası sadəcə möhtəşəmdir
Polşa gimnastı: Bakıda gimnastlar üçün şərait möhtəşəmdir

Bakı. Ənvər Məmmədov - Trend:

Bakı Milli Gimnastika Arenası sadəcə möhtəşəmdir.

Bunu Trend-ə Polşa gimnastı Natalya Vişnevska deyib.

Gimnast bildirib ki, Bakıya ilk dəfə gəlib: “Milli Gimnastika Arenası mənim çox xoşuma gəldi. Polşada belə arenalar yoxdur”.

Öz çıxışları barədə danışan gimnast deyib ki, səhvləri üzərində işləməlidir:

“Ümumilikdə çıxış xoşuma gəldi, amma hər şeyi daha yaxşı edə bilərdim. Bu, Dünya Kubokunda mənim birinci iştirakımdır, ona görə də həyəcanlanıram. İndi başa düşürəm ki, gələcəkdə daha yaxşı çıxış etmək üçün daha çox məşq etməliyəm”.

Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

27-29 aprel tarixlərində keçiriləcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edəcək.

Yarışların ilk iki günü fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.

Yarışların son günü baş tutacaq final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaqlar.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti