...

Möhtəşəm final və “Azersun”un əzmkar çempionluğu (FOTO/VİDEO)

İdman Materials 29 May 2018 17:06 (UTC +04:00)
28 May - Respublika günü “AZFAR-Bakcell” stadionunda ABL Yaz Kubokunun son iki qarşılaşması – final və 3-cü yer uğrunda matçlar keçirilib.
Möhtəşəm final və “Azersun”un əzmkar çempionluğu (FOTO/VİDEO)

Bakı. Trend:

28 May - Respublika günü “AZFAR-Bakcell” stadionunda ABL Yaz Kubokunun son iki qarşılaşması – final və 3-cü yer uğrunda matçlar keçirilib.

Trned-in məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibəti ilə hər iki qarşılaşmadan öncə dövlət himnimiz səslənib. Stadionda əsl bayram ab-havası hökm sürüb. Oyunlar futbol həvəskarlarının yüksək marağına səbəb olub və tribunaları dolduran azarkeşlər iştirakçı komandaları öz dəstəkləri ilə ruhlandırıblar.

3-cü yer uğrunda oyun

“Polat Yol” – “Azergold” 3-2

İlk olaraq meydançaya turnirin 3-cü komandasını müəyyən etmək üçün “Polat Yol” və “Azərgold” komandaları çıxıb.

Matça fəal başlayan “Azergold” ilk dəqiqələrdə topa daha çox sahib olub və əsasən uzaq məsafədən vurduğu zərbələrlə rəqib qapısına həmlələr edib. Zərbələrdən ən təhlükəlisi Ceyhun Mürşüdlünun qapı dirəyinə dəyən zərbəsi olub. “Azergold”un bu cür bir neçə cəhdindən sonra “Polat Yol” bunun qarşılığında kombinasiyalı hücüm təşkil edib və oyunun 7-ci dəqiqəsində Fərid Yaqubovun qapıçı meydançasına ötürdüyü topu Nağı Nağıyev saxlayaraq qapıya göndərib ve hesabı açıb. Qoldan sonra hücumlarını davam etdirən “Polat Yol” Şirin Kərimovla iki yaxşı qol fürsəti əldə edib, lakin futbolçu topa dəqiq zərbə endirə bilməyib. 18-ci dəqiqədə “Polat Yol”un oyunçusu Arslan Quliyev topu ələ keçirərək sol cinahdan driblinqlə mərkəzə tərəf daxil olub və yerlə zərbə endirərək topu qolkiperin yanından qapıya göndərməklə gözəl bir qol vurub, 2-0. Bundan üç dəqiqə sonra “Azergold”un ən fəal oyunçularından olan Vüsal Nəsirov və Yamin Ağakərimzadənin təşkil etdiyi baxımlı kombinasıya zamanı Vüsalın ideal ötürməsi ilə qolkiperlə təkbətək çıxan Yamin Ağakərimzadə topu qapıçının yanından uzaq küncə vuraraq fərqi azaldıb – 2-1. Komandalar fasiləyə bu hesabla çıxıblar.

İkinci hissədə ilk təhlükəli epizodu “Polat Yol” yaradıb. Aleksandr Mehtiyevin zərbəsindən sonra top qapı dirəyinə dəyib və qayıdan top Şirin Kərimovun qarşısına düşub, lakin o topu boş qapıdan keçirə bilməyib. “Azergold” buna Vüsal Nəsirovun iki təhlükəli zərbəsi ilə cavab verib, amma qolkiper Vüsal Yaqubov hər iki epizodda komandasını xilas edib.

Qarşılaşmanın bitməsinə iki dəqiqə qalmış “Polat Yol”un hücumunda Mehman Eminov topu qolkiperin yanından boş qapıya yönəldərək hesabdakı fərqi yenidən iki topa çatdırıb. Nəhayət, son dəqiqədə cərimə zərbəsi yerinə yetirilərkən top Vüsal Nəsirova otürülüb və onun zərbəsindən sonra top qapıçının qoruduğu küncdən onun ayaqları arasından qapıya daxil olub və beləliklə matç 3-2 hesabı ilə başa çatıb.

Matçdan sonra turnirin bürünc medallarını qazanmış “Polat Yol”un oyunçusu Fərid Yaqubov sevinc hisslərini bölüşərək deyib: “Əsas məqsədimiz Kuboku qazanmaq idi, lakin təəssüflər olsun ki, yarımfinal oyununda rəqib “Azersun”un azlıqda qalmasına baxmayaraq, öz səhvimizdən top buraxıb məğlub olduq. Yenə də 3-cü yeri tutduğumuza görə sevinirik. Öz üzərimizdə daha da yaxşı çalışıb növbəti turnirlərdə bundan yaxşı nəticə göstərməyə çalışacayıq. Komanda yoldaşlarımı təbrik edirəm.”

Final

“Azersun” – “Universal” 5-3

Ötən il keçirilən Payız Kubokunun yarımfinalında qarşılaşan komandalar bu dəfə final matçında üz-üzə gəliblər. Xatırladaq ki, Payız Kubokunun yarımfinalında “Azersun” “Universal”ı 7-0 kimi böyük bir hesabla məğlub etmişdi. Buna görə də, oyun “Universal” üçün həm də revanş almaq fürsəti daşıyırdı.

Oyunca gəlincə, komandalar əsl finala layiq mübarizə nümayiş etdiriblər. “Universal”ın daha fəal başladığı oyunda komandanın irəli xəttində bir-birlərini tamamlayan hündürboylu atletik forvard Cavid İsmayılov və kiçikboylu, lakin cəld cinah hücumçusu 18 yaşlı Əsgər Hümbətov tandemi “Azersun” komandasına əməlli başlı başağrısı yaşadıb. Artıq ilk dəqiqədə Əsgər Hümbətovun mükəmməl zərbəsini “Azersun”un qolkiperi Amid Cəfərov qaytarıb. Bir dəqidə sonra cərimə zərbəsi qazanan “Azersun”da Orxan Əlixanovun oxşar zərbəsini bu dəfə qolkiper Nicat İbrahimov dəf edib. Matçın 4-cü dəqiqəsində qayda pozuntusuna görə “Universal”ın xeyrinə təyin olunan cərimə zərbəsini yerinə yetirən Xətai Bağırovdan otürməni qəbul edən Əsgər Hümbətov yerlə güclü zərbə endirərək topu qapıya göndərib və hesabı açıb. Bundan sonra Cavid İsmayılov topu başla qapının yanından çölə vuraraq əlverişli qol vəziyyətini dəyərləndirə bilməyib. “Azersun” isə ilk ciddi təhlükəli vəziyyəti yalnız birinci hissənin ortalarına yaxın yaradıb. Eyyub Əfəndiyevin qapının aşağı küncünə yönəltdiyi topu qolkiper ayağı ilə çıxarıb.

Cavab hücumuna atılan “Universal”da Cavid İsmayılov ona ötürülən topu sinəsi ilə saxlayaraq müdafiəçini arxada qoyub və qapıçı ilə üzbəüz qalıb, lakin onun zərbəsi dəqiq olmayıb və top qapıdan yan keçib. Birinci hissənin son dəqiqəsində “Azərsun”un oyunçusu Orxan Əlixanovun uzaqdan zərbəsi qapının yuxarı küncünə dəyib və bir anlıq hərkəs qol olduğunu zənn edib, lakin top qapı torunu çöl tərəfdən silkələyib. İlk hissə “Universal”ın 1-0 hesablı üstünlüyü ilə tamamlanıb.

İkinci hissədə 26-cı dəqiqədə sağ cinahla irəliləyən Xətai Bağırov topu qapı ağzında dayanan Cavid İsmayılova ötürüb, Cavid güclü zərbəylə topu qapıya vurub və top qapıçının əlinə dəyərək qapıya daxil olub. Bundan iki dəqiqə sonra “Azərsun” nəhayət ki, qol vurmağa nail olub. Eşqin Tağıyevin ötürməsini Orxan Ağayev qola çevirib. 32-ci dəqiqədə aldatma fəndləri ilə rəqib müdafiəçilərin arasından topu qapıya göndərən Cavid İsmayılov hesabı 3-1-ə çatdırıb. Təslim olmaq istəməyən “Azersun”da Ceyhun Mirzəyev iki əlverişli qol imkanını boşa verib. Nəhayət, oyunun 43-cü dəqiqəsində turnirin bombardiri Eyyub Əfəndiyev öz sözünü deyib. O, topu sağ cinahda ələ keçirirək rəqibin iki oyunçusunun arasından yaxın küncə vurub və hesabdakı fərqi azaldıb. Bərabərlik qolunu vurmaq üçün irəli atılan “Azersun”un daha bir hücumunda Orxan Ağayevin ötürməsini Eyyub Əfəndiyev boş qapıya yönəldə bilməyib. Lakin o buna 47-ci dəqiqədə nail olub. Eşqin Tağıyev topu qapı ağzında boş mövqedə dayanan Eyyub Əfəndiyevə göndərib, o da bir toxunuşla hesabı bərabərləşdirib – 3-3. Beləliklə, oyunun əsas vaxtı heçheçə tamamlanıb və əlavə vaxt təyin olunub.

Əlavə vaxt “Azersun”un üstünlüyü ilə keçib. İlk əlavə hissədə matçın 53-cü dəqiqəsində Eşqin Tağıyevin qapı xəttindən növbəti ötürməsini Eyyub Əfəndiyev qola çevirərək final matçındakı üçüncü və turnirdəki 30-cu qolunu vurub. Və ikinci əlavə hissədə Ceyhun Mirzəyev dəqiq zərbə ilə oyunda son nöqtəni qoyub. Beləliklə, 1-3 hesabı ilə geridə olmasına baxmayaraq, “Azersun” geriyə dönüş edərək 5-3 hesabı ilə əzmkar qələbə qazanıb və Payız Kubokundan sonra, Yaz Kubokunun da qalibi olub.

Qarşılaşmadan sonra çempion komandanın oyunçuları qələbəni azarkeşləri ilə birlikdə bayram ediblər. “Azərsun”un futbolçuları həmçinin rəqib komandanın oyunçularına yaxınlaşaraq göstərdikləri məzmunlu oyuna görə onları təbrik ediblər.

Sonda komandalara mükafatlar təqdim olunub. ASEP şirkətinin Baş direktoru və AZFAR futbol məktəbinin təsisçisi Andrey Sarıçev və AZFAR Futbol məktəbinin baş məşqçisi Vladislav Qədirov ilk üç yeri tutmuş komandalara medalları təqdim ediblər. “Azersun” komandası isə iki kubokla birdən - həm Yaz Kubokunun qalibi kimi, həm də Payız Kubokunda qalib gəldiyinə görə avtomatik olaraq Super Kubokla təltif olunub. Qeyd etmək lazımdır ki, reqlamentə əsasən “Universal”ın qalib gələcəyi təqdirdə Super Kubokun sahibini müəyyən etmək üçün əlavə oyun keçirilməli idi.

Oyundan sonra “Universal”ın kapitanı Zaur Şirməmmədov fikirlərini bölüşüb: “Rəqib çox güclü idi. Bir-iki boşluq tapıb hesabı bərabərləşdirdilər və daha sonra həmin motivasiya ilə əlavə vaxtda da qolları vurdular. Biz isə əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. Ümumi götürdükdə, yaxşı oyun keçdi”.

“Azersun”un hücumçusu və turnirin bombardiri Eyyub Əfəndiyev isə suallarımızı cavablandırıb.

- Eyyub, Yaz Kubokunun qalibi oldunuz. Hansı hissləri keçirirsiniz?

- Çox gözəl hisslər keçirik, çempion olmağımıza çox sevinirik. Rəqib çox güclü idi. Hesabda geriyə düşmüşdük, lakin əzmkar oyunla və komanda yoldaşlarımın səyi ilə qalib gəldik ki, buna da çox şadıq və bunun davamlı olmasını arzu edirik.

- Siz artıq ikinci turnirdir ki, ən yaxşı bombardir olursunuz. Bunun sirri nədədir?

- Bunun sirri, ondadır ki, mən meydançada enerjimi düzgün bölüşdürməyə çalışıram. Mən meydançanın öz tərəfimizə aid olan hissəsində çox olmuram, meydanın rəqibə aid hissəsində irəli xətdə oynayıram. Bu da ondan irəli gəlir ki, arxa tərəfdə çox işləsəm, arxaya çox gəlsəm, o zaman irəli xətdə qol vurmağa, zərbə vurmağa gücüm və enerjim yetməz. Gücümü ən çox irəlidə rəqib oyunçuları keçməyə, qol vurmağa saxlayıram. Əsas məqsədim irəlidə oynayıb mümkün qədər çox qol vurmaqdır.

Beləliklə, iki aya yaxın müddətdə davam edən maraqlı futbol yarışı sona çatıb.

ASEP şirkəti gələcəkdə digər mötəbər turnirlərlə sizinlə yenidən görüşməyə ümid edir və Yaz Kubokuna göstərdiyiniz maraq və diqqətə görə hər birinizə təşəkkür edir.

Oyunların və turnirin nəticələri və statistik göstəriciləri haqqında ətraflı məlumatı Biznes-liqanın rəsmi www.abl.az saytından ala bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti