Bakı. Cani Babayeva - Trend:
İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatında gənclər kateqoriyasında birinci olmuş gimnast Səməd Məmmədli öz çıxışını orta qiymətləndirib.
İdmançı Trend-ə bildirib ki, çıxışında hər şey planlaşdırdığı kimi alınmayıb.
O, həmçinin qeyd edib ki, Milli Gimnastika Arenasında idmançılar üçün bütün lazımi şərait yaradılıb:
“Mən birinci dəfə deyil ki, Milli Gimnastika Arenasında çıxış edirəm. Burada hər zaman təşkilatçılıq möhtəşəmdir və mənim üçün burada çıxış etmək çox rahatdır”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 25-ci Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.
İki gün davam edəcək turnirdə ümumilikdə 100-dən çox gimnastın iştirakı gözlənilir.
Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda mübarizə aparacaqlar.