Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı konfrans keçirilib.
Trend-in məlumatına görə, konfransda gənclər və idman naziri Azad Rəhimov, "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) icraçı direktoru Arif Rəhimov, yerli və xarici şirkətlərin rəhbərləri və digər qonaqlar iştirak edib.
Tədbirdə "Formula 1" və digər irimiqyaslı idman yarışlarının Azərbaycana gətirdiyi faydalardan söz açılıb. Azərbaycandakı Amerika Ticarət Palatasının icraçı direktoru Natavan Məmmədova bildirib ki, irimiqyaslı beynəlxalq yarışların Azərbaycanda keçirilməsi orta və kiçik müəssələr də daxil olmaqla, bütün sahələrin inkişafına təsir edir. Direktor vurğulayıb ki, idman yarışları, eyni zamanda turizm sektorunun inkişafına mühüm töhfə verir.
Daha sonra çıxış edən Arif Rəhimov "Formula 1" yarışının Azərbaycanda keçirilməsinin daha 3 il uzadılmasının çox müsbət hal olduğunu bildirib. O qeyd edib ki, Formula 1-in daha 3 il uzadılması Azərbaycanın bu yarışlara uğurla ev sahibliyi etməsinin göstəricisidir:
"Azərbaycan irimiqyaslı beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük uğurlar əldə edib. Bu yarışların ölkəmizdə keçirilməsi bütün sahələrin, xüsusilə turizm sektorunun inkişafına öz təsirini göstərir. "Formula 1" yarışı ölkəmizə yeni təcrübə qazandırır".
Digər çıxışçılar da irimiqyaslı idman yarışlarının ölkə üçün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, bu yarışmalar iqtisadi inkişafa töhfə verməklə yanaşı, ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olur.