...

Portuqaliyalı gimnast: Bakıda Dünya Kuboku yarışları çox yüksək səviyyədə təşkil olunub

İdman Materials 16 Fevral 2019 16:02 (UTC +04:00)
Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışları çox peşəkar şəkildə təşkil olunub.
Portuqaliyalı gimnast: Bakıda Dünya Kuboku yarışları çox yüksək səviyyədə təşkil olunub

Bakı. Sara İsrafilbəyova - Trend:

Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışları çox peşəkar şəkildə təşkil olunub.

Bunu Trend-ə portuqaliyalı gimnast Diyeqo Qançino deyib.

İdmançı bildirib: "Mən həmişə Bakıya yenidən qayıtmağa şadam. Bura mənim üçün xüsusi yerdir və burada özümü həmişə xoşbəxt hiss edirəm. Dünya çempionatı Azərbaycanda keçirilən bütün digər yarışlar kimi bu dəfə də çox yüksək peşəkarlıqla təşkil edilib".

Daha sonra gimnast qeyd edib ki, mövsümün ilk kuboku olduğu üçün hamı çox həyəcanlıdır:

"Bu, yaxşı başlanğıcdır. Ümid edirəm ki, biz 2020-ci ildə Tokio Olimpiya Oyunlarına lisenziya alacağıq".

Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.

Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri keçirilir, ikinci gün isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti