Bakı. Trend:
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idman qidaları və bioloji fəal əlavələri qəbul edən iki idmançının nümunələrində qadağan edilmiş anabolik maddələr aşkar edib. Onlarda metilstenbolon, metandienon, mestanolon, metiltestosteron, 1-androstenedion, 1-testosteron, oksimesteron maddələri aşkarlanıb.
AMADA-dan Trend-ə verilən məlumata görə, idmançı Azər Əhmədov (Atletika) 18 aylıq, idmançı Rüfət İsmayılov (Cüdo) isə 12 aylıq diskvalifikasiyaya məruz qalıb. Antidopinq qaydalarına əsasən ilkin olaraq hər iki idmançıya 4 illik diskvalifikasiya tətbiq edilmişdi, lakin AMADA-nın təşəbbüsü ilə keçirilən təhqiqat nəticəsində cəza müddəti azaldılıb.
Beləliklə Rüfət İsmayılovun diskvalifikasiya müddəti 2018-ci il 22 may tarixində başlayıb və 2019-cu il 22 may tarixində bitib, Azər Əhmədovun cəza müddəti isə 2017-ci il 23 noyabr tarixində başlayıb, 2019-cu il 23 may tarixində bitib.
AMADA-nın araşdırması zamanı məlum olub ki, nümunələrdə dopinqin aşkar edilməsi idmançılar tərəfindən qida əlavəsinin istifadəsi ilə bağlıdır. İdmançıların izahatına əsasən onlar Mega Sport şirkətinin istehsalı olan AMINO Hardcore əlavələrini qəbul ediblər.
İdmançılardan götürülmüş qida əlavəsi qutularının üzərində onun tərkibinə qadağan edilmiş maddələrin daxil olması haqqında məlumatın olmamasını nəzərə alaraq, AMADA həmin qida əlavələrini Köln şəhərində yerləşən və ÜADA tərəfindən akkreditasiya edilmiş laboratoriyaya göndərib. Antidopinq qaydalarına əsasən, idman qidaları və bioloji fəal əlavələr yalnız qeydiyyata alınmış antidopinq qayda pozuntusunun araşdırması zamanı müayinə üçün laboratoriyaya göndərilir.
Müayinə nəticəsində həmin qida əlavələrinin metilstenbolon, metandienon, mestanolon, metiltestosteron, 1-androstenedion, 1-testosteron, oksimesteron maddələri ilə kontaminasiya olunduğu müəyyən edilib.
Bununla bağlı AMADA xəbərdarlıq edir ki, idman qidaları və bioloji fəal əlavələrinin idmançılar tərəfindən istifadəsi onlarda dopinqin aşkarlanmasına gətirib çıxara bilər. Həmçinin idman qidası və bioloji fəal əlavələrinin istehsalçısının öz məhsulunun tərkibi haqqında natamam və ya yanlış məlumat göstərməsi mümkündür. Amma bu, qida əlavəsini qəbul edən idmançıları dopinq testi nəticəsinin müsbət halında məsuliyyətdən azad etmir.