Bakı. Cani Babayeva - Trend:
Bədii gimnastika üzrə 37-ci dünya çempionatının səfiri, 1996-cı il yay Olimpiya Oyunlarının mükafatçısı Yana Batırşina Bakıda “Ocaq Sport” klubuna baş çəkib.
Trend-in məlumatına görə, sabiq gimnast klubda gimnastika ilə məşğul olan məhdud fiziki imkanlı uşaqlarla və onların məşqçiləri ilə görüşüb.
O, uşaqların məşqlərini də izləyib.
KİV nümayəndələri ilə müsahibədə gimnast uşaqlarla görüşdən məmnun qaldığını bildirib.
Y.Batırşina onu da bildirib ki, dünya çempionatının başlamasını səbrsizliklə gözləyir:
“Çempionatda mənim favoritim yoxdur, mən səfirəm və ədalətli və maraqlı mübarizənin tərəfdarıyam. Bunun belə olacağına qətiyyən şübhə etmirəm, çünki yarış Olimpiya oyunlarına lisenziya verəcək”.
Səfir əminliklə vurğulayıb ki, Bakıdakı dünya çempionatı ən yüksək səviyyədə keçəcək:
“Bəzi dekorasiyaları, Milli Gimnastika Arenasının zalının necə bəzədildiyini görmüşəm. Bilirəm ki, açılış mərasiminin bədii hissəsi şərq motivlərinə əsaslanır”.
Sonda gimnast xatirə şəkli çəkdirib.