Bakı. Trend:
Futbol üzrə Azərbaycan kubokunun bütün yarımfinalçıları müəyyənləşib.
Trend-in məlumatına görə, dörddəbir final mərhələsinin son oyununda “Neftçi” “Zirə”ni qəbul edib.
“Bakcell Arena”da keçirilən qarşılaşma “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun əsas vaxtı 2:1 hesabı ilə “Neftçi”nin xeyrinə yekunlaşıb. Flaqmanın heyətində 3-cü dəqiqədə Yeqor Boqomolski, 45+1-ci dəqiqədə isə Emin Mahmudov fərqləniblər. Matçın 89-cu dəqiqəsində “Zirə”dən Loris Bronyo fərqi azaldıb.
İlk matçda Rəşad Sadıqovun komandası 1:0 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. Matçın 95-ci dəqiqədə Kenni Sayef komandasının üstünlüyünü möhkləmləndirib. Oyunun 110-cu dəqiqəsində “Zirə”nin futbolçusu Hamidu Keyta penaltidən yararlana bilməyib. Son dəqiqələrdə isə qonaq komandanın iki futbolçusu - Təmkin Xəlilzadə və Hacıağa Hacılı meydandan qovulub. Beləliklə, flaqman yarımfinala vəsiqəni təmin edib.
“Neftçi” yarımfinalda “Turan Tovuz”la üz-üzə gələcək. Bu raundun digər cütündə “Qəbələ” və “Səbail” komandaları qarşılaşacaqlar.
Yarımfinal görüşləri gələn il aprelin 19 və 27-də baş tutacaq.