Bakı. Trend:
“Ocaq Sport” klubunun açıq birinciliyi əsl bədii gimnastika bayramı oldu.
Bu barədə çərşənbə günü Trend-ə “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyində uşaqlar (2013-2015-ci il) yaş kateqoriyası üzrə birinci yer tutmuş Gülyar Əsədova deyib.
“Ocaq Sport” klubunun 9 yaşlı yetirməsi turnirə hazırlığın onun üçün asan keçdiyini qeyd edib.
"Məşqçi ilə cəhdlə hazırlaşırdım, proqramın elementləri üzərində çox çalışmaq və yarışda yaxşı nəticə görmək xoşuma gəlir. Qazandığım medala görə xoşbəxtəm", - gənc gimnast deyib.
Gülyar Əsədova beş ildir ki, bədii gimnastika ilə məşğul olduğunu deyib.
"Bədii gimnastika televizorda yarışları gördüyüm gündən arzum olub. İdman məqsədlərimə doğru inadla gedirəm, mütləq yüksək nəticələr əldə edəcəyimə inanıram", - deyə o əlavə edib.
Qeyd edək ki, 4-5 aprel tarixlərində Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyi keçirilir.
Yarışda “Ocaq Sport” klubu, “Abşeron OİK”, “Ağdaş” OİK, “İOEUG” Gimnastika Məktəbi, “Gəncə” OİK, “Ocaq Sport” klubunun Hövsan bölməsi, “Şağan” OİK, “Grasiya” İK və “Sumqayıt” OİK “Qusar” OİK, “Kür” Olimpiya Tədris İdman Mərkəzi, “Qax” OİK, “RKİM”, “Şəmkir” Gənclər Evi, “Su İdman Sarayı” və “Zirə” Mədəniyyət Mərkəzi Eko-Park-dan 340 gənc gimnast iştirak edir.
Birincilikdə gimnastlar fərdi proqramla yanaşı, qrup hərəkətləri
proqramı ilə çıxış edirlər.
Yarışlar balacalar (2016-2017-ci il), uşaqlar (2013-2015-ci il),
yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-ci il) yaş
kateqoriyaları üzrə keçirilir.