...

Meksikalı idmançılar Bakıda Milli Gimnastika Arenasında özlərini çox rahat hiss edirlər - Səfir (FOTO)

İdman Materials 21 Aprel 2023 18:24 (UTC +04:00)
Meksikalı idmançılar Bakıda Milli Gimnastika Arenasında özlərini çox rahat hiss edirlər - Səfir (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Meksikalı idmançılar Bakıda Milli Gimnastika Arenasında özlərini çox rahat hiss edirlər.

Bu barədə Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kuboku çərçivəsində Milli Gimnastika Arenasını ziyarət edən Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalero deyib.

"Ölkəmdən olan gimnastlarla söhbət etməkdən, onlara uğurlar arzulamaqdan, onlara dəstək və qürur duymaqdan məmnunam. Meksika yığmasının nümayəndələri mənimlə söhbətində vurğuladılar ki, Milli Gimnastika Arenası dünyanın ən gözəl gimnastika məkanıdır, burada idmançılar üçün hər cür şərait yaradılıb, onlar özlərini evdəki kimi hiss edirlər", - deyə o bildirib.

Səfir əlavə edib ki, bədii gimnastika üzrə Dünya Kuboku yaxşı təşkil olunub.

"Azərbaycan komandası yaxşı çıxış edir, gimnastlara medal qazanmağı arzulayıram. Qeyd edim ki, bu, Arenaya ikinci səfərimdir, əvvəllər beynəlxalq turnirin yarışlarının gedişini izləmişəm", - deyə o vurğulayıb.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.

Gimnastlar fərdi alətlər və çoxnövçülük proqramı üzrə yarışlarda mükafatlar uğrunda mübarizə aparırlar. Ənənəvi olaraq, AGF Trophy Kuboku çıxışına görə ən yüksək xal toplayan idmançıya və qrup komandasına veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti