Bakı. Trend:
Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək Taekvondo üzrə Dünya Çempionatının başlamasına 20 gün qalıb.
Trend-in məlumatına görə, “Öz gücünü alovlandır” şüarı altında sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edəcək. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər və yubiley konserti baş tutacaq.
7 gün davam edəcək çempionatda ölkəmizi Səyyad Dadaşov (-54 kq), Qaşim Maqomedov (-58 kq), Xanoğlan Kərimov (- 63 kq), Cavad Ağayev (-68 kq), Eltac Qafarov (-74 kq), Əliəskər Əliyev (-80 kq), Taleh Süleymanov (-87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (-46 kq), Patimat Abakorava (- 49 kq), Səmərrux Osmanova (-53 kq), Fatimə Məcidova (-62 kq) və Fəridə Əzizova (-67 kq) təmsil edəcəklər. İdmançılar Bakı Kristal Zalında qələbə uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, mundiala paytaxtımızın ev sahibliyi etmək hüququ bir il öncə verilib.