...

Qubada bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinin təntənəli açılışı olub (FOTO)

İdman Materials 26 Oktyabr 2023 21:24 (UTC +04:00)
Qubada bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinin təntənəli açılışı olub (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Quba. Trend:

Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinin təntənəli açılışı olub.

Trend xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Yarışda iştirak edən komandalar təqdim olunub.

Açılış merasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək yarışların yüksək səviyyədə təşkilinə görə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib.

"Bədii gimnastika üzrə Azərbaycan birinciliyinin Quba Olimpiya İdman Kompleksində keçirilməsi bizi çox sevindirir. Əminəm ki, bu yarışların iştirakçıları gələcəkdə də ölkəmizi böyük beynəlxalq turnirlərdə, çempionatlarda və kuboklarda layiqincə təmsil edəcəklər", - deyə N.Novruzov bildirib.

Qeyd olunub ki, Quba və Qusardakı Olimpiya idman komplekslərində gimnastika bölmələri fəaliyyət göstərir.

Sonra gimnastların nümunəvi çıxışları təqdim olunub. İdmançılar parlaq gimnastika çıxışları nümayiş etdirdilər - gimnastların zərifliyi və maraqlı xoreoqrafiyası zaldakı tamaşaçıları sevindirdi.

Qeyd edək ki, oktyabrın 26-27-də Quba Olimpiya İdman Kompleksində fərdi proqramda 122, qrup hərəkətlərində isə doqquz komandanın iştirak etdiyi bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının yarışları keçiriləcək.

Azərbaycan birinciliyinə “Ocaq Sport” Klubunun paytaxtla yanaşı, Şamaxı və Zaqatala bölmələri, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Su İdmanı Sarayı, “Zabrat” İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, Abşeron OİK, Gəncə OİK, Göyçay OİK, Lənkəran OİK, Masallı OİK, Qusar OİK, Şirvan OİK, Şəmkir Gənclər Evi və Naxçıvanı təmsil edən gimnastlar qatılıb.

Yarışda idmançılar balacalar (2013, 2014, 2015-ci il təvəllüdlülər), yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2008-2010-cu il təvəllüdlülər) olmaqla, 3 yaş kateqoriyasında yarışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti