...

Birminqemdə medal qazanan gimnastlarımızı Vətənə qayıdıb

İdman Materials 21 Noyabr 2023 04:52 (UTC +04:00)
Birminqemdə medal qazanan gimnastlarımızı Vətənə qayıdıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın Birminqem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışlarında medal qazanan gimnastlarımız Vətənə qayıdıb.

Trend xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, həmkarları, habelə qohumları, yaxınları və media nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, batut üzrə yığma komandasının üzvləri İbrahim Mustafazadə və Əmmar Baxşəliyev batut gimnastıkası üzrə sinxron proqramda gümüş medal qazanıblar. Sinxron proqramında Samirə Hüseynova və Ayan Şabanova da gümüş medal qazanıblar. Qeyd edək ki, bu nəticə Azərbaycan gimnastikası tarixində qadınlar arasında sinxron tullanma proqramında yaş qrupları arasında keçirilən dünya arışlarında ilk nailiyyətdir.

Akrobatik tullanma (tamblinq) üzrə Azərbaycan milli komandasının üzvü Aleksey Karataşov yaş qrupları arasında keçirilən dünya yarışlarında bürünc medala layiq görülüb.

Vətənə qayıdan idmançılar və akrobatika (tamblinq) üzrə Azərbaycan milli komandasının baş məşqçisi Adil Hüseynzadə yarışda iştirakla bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüblər.

Adil Hüseynzadənin sözlərinə görə, tamblinq üzrə yeniyetmələr komandası çox perspektivlidir:

"Aleksey Karataşov bacardığından artığını edib. Rəqibləri çox güclü və bir az yaşlı idilər. İndi bizim əsas vəzifəmiz ondan ibarətdir ki, Aleksey Karataşov gələn ilin aprelində Qimaraynş şəhərində (Portuqaliya) keçiriləcək Avropa çempionatında yaxşı nəticə göstərsin".

Tamblinq üzrə yığmamızın baş məşqçisi noyabrın 9-12-də Birmin1emdə keçirilən batut gimnastikası və tamblinq üzrə 37-ci dünya çempionatında Azərbaycan gimnastlarının nəticələrinə də toxunub.

Xatırladaq ki, Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq komanda üzvü Mixail Malkin tamblinq proqramı üzrə dünya çempionatında qızıl medal qazanıb. Həmçinin, M.Malkin və tamblinq üzrə Azərbaycan milli komandasının üzvləri - Tofiq Əliyev, Adil Hacızadə, Elnur Məmmədov milli gimnastika tarixində ilk dəfə komanda yarışında qızıl medal qazanıblar.

"Dünya yaş qrupları yarışlarında biz iki tarixi medal qazana bildik. Mütəxəssislər qızıl medal qazana biləcəyimizi proqnozlaşdırırdılar. Və uşaqlar ora qalib gəlmək üçün getdilər!", - deyə Adil Hüseynzadə əlavə edib.

Gimnastlar Samirə Hüseynova və Ayan Şabanova növbəti yarışlarda birinci yeri tutmağa çalışacaqlarını vurğulayıblar.

"Dünya yaş qrupları yarışları yaxşı keçdi və biz hər şeydən həzz aldıq. Amma daha çox çalışmaq lazımdır. Böyük dəstəyə görə Azərbaycan Gimnastika Federasiyasına, məşqçimizə təşəkkür edirik", - deyə S.Hüseynova bildirib.

"İkinci yeri tutanda çox sevindik. Dünya yaş qrupları yarışlarında hazırlıq yaxşı keçdi və biz də nəticədən çox razı qaldıq. Gələn il Avropa çempionatında iştirak edəcəyik, birinci yeri tutmaq üçün buna ciddi hazırlaşacağıq", - deyə Ayan Şabanova əlavə edib.

İbrahim Mustafazadə və Əmmar Baxşəliyev yarışların gözəl keçdiyini, onların yaddaşında çoxlu xoş anlar yaşadıqlarını qeyd ediblər.

"Dünya yaş qrupları yarışlarında yaxşı nəticələr göstərdik. Məşqçilərimizə təşəkkür edirik, onların ümidlərini doğrultmağa çalışdıq. Ümid edirik ki, qarşıdan gələn Avropa çempionatında birinci yeri tutacağıq", - deyə idmançılar bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti