Bakı. Trend:
Mənim milliyə yeni baş məşqçisinin seçimi ilə bağlı tövsiyyə etməyə hansısa səlahiyyətim yoxdur. İşçi qrupu deyəndə, özləri olacaq. Oxudum. Deyirlər, toplananların yerini dəyişəndə, cəm dəyişmir. Orada İcraiyyə Komitəsindən, federasiyadan, təcrübəli məşqçilərdən kimsə olacaq. Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim və ya tövsiyyə edim.
Trend xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 14-cü turunda "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında ona ünvanlanan suala cavab verərkən deyib.
Mütəxəssis yığmada əcnəbi, yoxsa yerli baş məşqçi tərəfdarı olması və adının milli ilə hallanması haqda deyib: "Çox xahiş edirəm ki, mənə bu barədə suallar verməyin. Dəfələrlə bildirmişəm ki, heç kimin işinə qarışmaq istəmirəm. Buradan məsləhət vermək də istəmirəm. Bu barədə fikir bildirməyim nə düzgün olar, nə də istəmirəm
"Elə 15 ildir ki, adım hallanır. Tək mənim yox, digər məşqçilərin də adı milli ilə hallanır. Hər dəfə belə olub. Amma bu gedişat heç vaxt dəyişmir. Hər dəfə bu müzakirələr eyni proqram üzrə gedir", - deyə Q.Qurbanov bildirib.