Bakı. Trend:
Milli Gimnastika Arenasının yardımçı zalında kişi idman gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, qadın idman gimnastikası üzrə 7-ci ölkə çempionatı və Bakı birinciliyinin yarışlarının birinci günü keçirilir.
Trend xəbər verir ki, yarışlarda "Ocaq Sport" klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi və Balakəni təmsil edən 60 idmançı mübarizə aparır.
Kişi idman gimnastikası üzrə yarışlar balacalar (2016-cı il təvəllüdlü), balacalar (2014-2015-ci il təvəllüdlü), uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2010-2011-ci il təvəllüdlü), gənclər (2008-2009-cu il təvəllüdlü, B kateqoriyası; 2006-2007-ci il təvəllüdlü, A kateqoriyası), böyüklər (2005-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyalarındakı gimnastlar arasında keçirilib.
Qadın idman gimnastikası üzrə yarışlar uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü), gənclər (2008-2010-cu il təvəllüdlü), böyüklər (2007-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyalarındakı idmançılar arasında keçirilib.
Qaliblər yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük proqramında, eləcə də, kişilər və qadınlar arasında ayrı-ayrı alətlər (kişilər - sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar, turnik; qadınlar - dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) üzrə müəyyənləşiblər.
Yarışlar 30 noyabr - 1 dekabr 2023-cü il tarixlərində keçirilir.