...

Arif Əsədov yığmada qalmağa hazırdır? (VİDEO)

İdman Materials 27 Mart 2024 14:04 (UTC +04:00)
Arif Əsədov yığmada qalmağa hazırdır? (VİDEO)

Bakı. Trend:

Azərbaycan millisinin məşqçisi Arif Əsədov komandaya yeni baş məşqçi təyinatından sonra da yığmada çalışa bilər.

Trend istinadən xəbər verir ki, bunu İdman.biz-ə 54 yaşlı mütəxəssisin özü açıqlayıb.

O bildirib ki, yeni təyin olunacaq yeni baş məşqçinin köməkçisi kimi fəaliyyətini davam etdirməyə hazırdır:

“Milli naminə məndən istəsələr ki, kömək edim, mən yenə canla-başla yığmada işləyərəm”.

Monqolustan və Bolqarıstanla görüşlərdə yığmaya rəhbərlik edən Əsədov özünün deyil, başqasının baş məşqçi təyin olunmasından da narazı qalmayacaq:

“Ümumiyyətlə, məndə elə xasiyyət yoxdur ki, kin saxlayım. Mənim üçün fərqi yoxdur. Millimizə kimisə dəvət edəcəklərsə, gələcəksə və komandanı irəli aparacaqsa, biz də ona dəstək olmağa hazırıq. Bu baxımdan inciklik olmayacaq. Məndən bu gün nə tələb edirlərsə, onu yerinə yetirməyə hazıram”.

Millinin baş məşqçisi postuna namizədlər arasında Stanislav Çerçesov və Riza Çalımbay kimi mütəxəssislərin adı hallanır. Əsədov bu məşqçilərin uğur əldə etmiş çalışdırıcılar olduğunu vurğulayıb:

“Bu barədə danışmaq mənim üçün çox çətindir. Hər birinə hörmətimiz var. Hər birinin həm futbolçu, həm məşqçi kimi uğurları var. Belə bir şey realdırsa, nə yaxşısıdırsa, o da olsun. Burda biz qərar vermirik. Qərar verənlər də düşünüb elə etməlidir ki, sabah yenə bunun acısını çəkməyək”.

Qeyd edək ki, baş məşqçi Canni de Byazinin köməkçisi olmuş Əsədov komandanı “FİFA Series” çərçivəsindəki iki matça çıxarıb. Millimiz Monqolustan (1:0) və Bolqarıstanla (1:1) görüşüb.

Xəbər lenti

Xəbər lenti