Bakı. Trend:
Azərbaycan millisinin karateçisi Əminağa Quliyevin (60 kq) İdman.biz-ə müsahibəsi:
- Rusiyada Novosibrisk vilayətində beynəlxalq turnirin qalibi oldunuz. Qələbənizi necə şərh edərdiniz?
- Yarış çox gözəl şəkildə təşkil olunmuşdu. Arenada tamaşaçı kütləsi möhtəşəm idi. Özümü dünya və ya Avropa çempionatındakı kimi hiss edirdim.
- Qızıl medal qazanacağınıza əvvəlcədən ümid edirdiniz?
- Yarışa yaxşı hazırlaşmışdım. Hiss edirdim ki, medalsız qayıtmayacam. Hisslərim də məni yanıltmadı. Sevinirəm ki, qızıl medala layiq görüldüm. Rəqiblərimi əvvəlcədən tanıyırdım. Çünki onlarla daha öncə də görüşmüşdük. Tanımadıqlarımla isə döyüşmək çətin olur. Çünki onlar haqqında məlumatsız olursan.
- Bundan sonra qarşıda nə kimi planınız var?
- Aprelin 19-21-də Misirdə baş tutacaq Premyer Liqa yarışına hazırlaşıram. Burada dünya reytinqində ilk “32-lik”də olan idmançılar yarışacaq. Mən də bu karateçilər sırasındayam. Hazırlıqlarımız davam edir. Aprelin 17-də artıq Misirə yola düşəcəyik. Ümid edirəm ki, bu yarış mənim üçün çox uğurlu olacaq.
- Novosibrisk Azərbaycan yığması kumitedə 3, katada 1 medala sahib çıxdı. Komandanın çıxışı baradə nə deyə bilərsiniz?
- Karateçilərimiz əsl döyüş ruhu göstərib, bu medala layiq oldular. Sonuna kimi mübarizə apardılar. Bir saniyə əzimkarlıqlarından əl çəkmədilər. Nəticədə katada Ramilə Heydərova gümüş, kumitedə Hüseyn Məmmədli (67 kq) və Murad Hacızadə (84 kq) bürünc mükafata layiq görüldülər.