Bakı. Trend:
İngiltərədə fəaliyyət göstərən hakim Devid Kut, "Liverpul" və klubun keçmiş baş məşqçisi Yurgen Klopp haqqında təhqiramiz ifadələr səsləndirdiyinə görə işdən çıxarılıb.
Trend xəbər verir ki, bu barədə Sky Sports İngiltərənin peşəkar liqalarında hakimlərə nəzarət edən PGMOL qurumunun açıqlamasına istinad edib.
PGMOL-un açıqlamasında bildirilib:
"Kutun hərəkətləri əmək müqaviləsinin müddəalarının ciddi şəkildə
pozulmasına səbəb olub."
Hakimin videoları noyabr ayında üzə çıxıb. Videolardan birində Kut başqa bir şəxsin suallarını cavablandırarkən "Liverpul"u "bok" kimi təhqir edib və Klopp haqqında bir neçə dəfə ağır ifadələr işlədib.
Bundan əlavə, The Sun nəşri tərəfindən yayımlanan digər bir videoda isə Devid Kutin Avro 2024 zamanı ağ toz çəkdiyi iddia olunub.
Bundan əvvəl, 2019-cu ildə İngiltərənin ikinci divizionunda baş verən bir matçla bağlı FA mərc araşdırmasına cəlb olunmuşdu. Lakin hakim həmin iddiaları rədd etmişdi.
Qalmaqallı videoların ortaya çıxmasından sonra Kuta həm İngiltərə liqalarında, həm də UEFA matçlarında hakimlikdən uzaqlaşdırılıb. Bu hadisə böyük müzakirələrə səbəb olub və həm PGMOL, həm də digər qurumların vəziyyətə reaksiyası diqqətlə izlənilir.