Bakı. Trend:
“Xəzər Neft və Qaz -2017” sərgi-konfransında iştirak etmək üçün Bakıya səfər etmiş “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov SOCAR-ın baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev ilə görüşüb.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, R.Abdullayev Azərbaycanda və Özbəkistanda artıq bir ənənəyə çevrilmiş beynəlxalq neft və qaz sərgilərinin dünyanın enerji qurumları arasında fikir və təcrübə mübadiləsinin aparılması, bu sahədə əldə olunmuş nailiyyətlərin nümayiş etdirilməsi üçün mühüm platforma rolunu oynadığını qeyd edib, bu forumlar çərçivəsində keçirilən ikitərəfli görüşlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
R.Abdullayev SOCAR-ın regional və qlobal əhəmiyyətli layihələrdə uğurlu iştirakını xatırladaraq, bu layihələr çərçivəsində əldə olunan nailiyyətlərin və qazanılan təcrübənin Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığının inkişafında faydalı olacağını və gələcək layihələr üçün əsas yaradacağını bildirib. O, enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinin, birgə neft-qaz əməliyyatlarının aparılması üçün perspektivlərin araşdırılmasının SOCAR-da diqqət mərkəzində olduğunu qeyd edib, şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin gedişi haqqında qonaqlara ətraflı məlumat verib.
“Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri A.Sultanov “Xəzər Neft və Qaz -2017” sərgi-konfransında iştirak etmələrindən, rəhbərlik etdiyi şirkətin bu nüfuzlu forumda təmsil olunmasından məmnunluq duyduqlarını söyləyib, Özbəkistanda həyata keçirdikləri hasilat, emal, neft-qaz kimyası layihələrindən danışıb. O, ötən ay Daşkənddə keçirilən “Neft və Qaz-OGU 2017” XXI Beynəlxalq sərgi və konfransında Azərbaycan nümayəndə heyətinin iştirakını və R.Abdullayev ilə görüşlərini xatırladaraq, SOCAR və “Özbəkneftqaz” şirkətləri arasında imzalanmış Memorandumu yeni dövrdə iki şirkət arasında dərin və sıx əməkdaşlığın yaranması nöqteyi-nəzərindən yüksək qiymətləndirib. O, əmin olduğunu bildirib ki, bu gün imzalanacaq sənəd ikitərəfli əməkdaşlığın inkişafı üçün imkanları daha da genişləndirəcək.
Görüşün sonunda “Özbəkneftqaz” şirkətinin Azərbaycanda mümkün fəaliyyət istəqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə iki şirkət arasında Memorandum imzalanıb.