...

6 ayda 103 hərrac keçirilib (FOTO)

İqtisadiyyat Materials 24 İyul 2017 14:31 (UTC +04:00)
2017-ci ilin ilk 6 ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı və respublikanın rayonları da əhatə olunmaqla ümumilikdə 103 hərrac keçirilib.
6 ayda 103 hərrac keçirilib (FOTO)

Bakı. Trend:

2017-ci ilin ilk 6 ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı və respublikanın rayonları da əhatə olunmaqla ümumilikdə 103 hərrac keçirilib.

Trend-in məlumatına görə, bu barədə bu gün Əmlak Məsələləri Dövlət Komitəsində 2017-ci ilin yarımilliyinə dair keçirilən müşavirədə bildirilib.

Müşavirədə qeyd olunub ki, Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan elektron hərracı istifadəyə verib. İlk olaraq daşınar əmlakın özəlləşdirilməsini həyata keçirən elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn olaraq qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər.

Qeyd olunub ki, torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində işlər davam etdirilmişdir. Elektron kadastr uçotunun işləri yekunlaşmış 12 rayonda bələdiyyə xəritələrinin hazırlanması üzrə işlər davam edir. 2017-ci ildə 14 rayonunda torpaqların elektron uçotuna alınması işinin tam yekunlaşması nəzərdə tutulur. Ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. 14 rayonun 837 min hektara yaxın ərazilərinin yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Bu ilin birinci yarımilliyində 268 min hektara yaxın ərazidə çöl torpaq tədqiqatı, 200 min hektar ərazidə çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib.

Vurğulanıb ki, respublikanın 57 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 30 minə yaxın küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib. Fevral ayında vətəndaşların istifadəsinə verilən AzNav - ilk rəsmi naviqasiya sistemi istifadəçilərinin sayı cari ilin ilk 6 ayı ərzində 100 minə yaxın olub.

Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilmişdir. Hesabat dövrü ərzində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 600 hal üzrə inzibati protokollar tərtib olunub. Ümumilikdə indiyədək, 1700 inzibati protokol əsasında 1,2 milyon manat cərimə tətbiq edilmiş, 240 hal üzrə müvafiq sənədlər aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.

Müşavirədə bildirilib ki, 32 müraciət üzrə torpaq sahəsinin təyinatı dəyişdirilib. Kənd təsərrüfatı məqsədi ilə 184 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Bildirilib ki, Daşınmaz əmlakın qeydiyyatı sahəsində növbəti innovativ addım çıxarış və arxivlərin elektronlaşdırılmasıdır. Bununla əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olub.

İlk 6 ay ərzində keçirilmiş 14 “Kütləvi çıxarış” kampaniyasının 2-si paytaxt rayonlarında, 12-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə 6 ay ərzində vətəndaşlardan 33 mindən çox müraciət qəbul olunub. Ümumilikdə 2017-ci il ərzində ölkə üzrə 94 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb, bu göstəricinin 28 min 348-i ilkin, 64 min 954-ü isə təkrar qeydiyyata aiddir.

Komitənin çağrı mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qurumun aparatında müasir standartlara cavab verən 193 nömrəli vahid çağrı mərkəzi yaradılıb. Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən yanvar-iyun ayları ərzində 80 mindən çox müraciət daxil olmuş və cavablandırılıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti