...

Deputat: Respublika müşavirəsi texniki bitkilərin istehsalının artırılması üçün yol xəritəsini müəyyənləşdirdi

İqtisadiyyat Materials 8 Avqust 2017 17:05 (UTC +04:00)
Qaxda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən respublika müşavirəsi texniki bitkilərin istehsalının artırılması üçün yol xəritəsini müəyyənləşdirdi.
Deputat: Respublika müşavirəsi texniki bitkilərin istehsalının artırılması üçün yol xəritəsini müəyyənləşdirdi

Bakı. Trend:

Qaxda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən respublika müşavirəsi texniki bitkilərin istehsalının artırılması üçün yol xəritəsini müəyyənləşdirdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, tütün, barama və fındıq istehsalının artırılmasının diqqət mərkəzində saxlanılması təsadüfi deyil: "Tütün, barama və fındıq istehsalının artırılması böyük gəlir gətirə bilər. Nəzərə almaq lazımdır ki, bu məhsullara xarici bazarlarda böyük tələbat var. Bu məhsulların ölkəmizdə istehsalı hazırda mövcud potensialdan aşağıdır. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən addımlar isə bu sahədə canlanma yaradıb. Prezident İlham Əliyevin respublika müşavirəsində bildirdiyi kimi, bu sahənin inkişafı üçün xüsusi dövlət proqramının qəbul edilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, habelə əlavə təşviqedici addımların atılması bu sahənin sıçrayışlı inkişafına gətirib çıxaracaq. Dövlətin böyük dəstək göstərməsinin əsas səbəblərindən biri də, bu sahənin əmək tutumlu olmasıdır".

A.Hüseynov qeyd edib ki, bu sahəyə sahibkarların daha çox maraq göstərmələri bir o qədər çox yeni iş yerlərinin açılması deməkdir: "Digər tərəfdən, bu məhsullar istər daxili bazarda, istərsə də xarici bazarlarda kifayət qədər yüksək qiymətə satılır. Elə buna görə də sahibkarların bu sahəyə daha böyük marağı olacaq. Üstəlik, dövlət sahibkarlara öz məhsullarını xarici bazara çıxarmaq üçün də bütün zəruri dəstək göstərir. Bu istiqamətdə sözügedən sahənin daha da inkişaf etdirilməsi üçün ardıcıl addımlar atılır. Dövlət başçısının bölgəyə səfərinin ardından həmin rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin aparılması üçün imzaladığı sərəncamlar da xüsusi vurğulanmalıdır. Çünki kənd yollarının yenidən qurulması iqtisadi inkişafın təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir".

Deputat vurğulayıb ki, infrastrukturun yüksək səviyyədə olması, özəl sektorun həmin bölgəyə marağının artmasına gətirib çıxarır: "Bu sahələrin inkişafı ölkənin ticarət dövriyyəsinə müsbət təsir edəcək. Azərbaycanın siqaret tələbatının əksər hissəsi idxal hesabına ödənilir və bu tələbatın ödənilməsi üçün hər il xaricə xeyli miqdarda vəsait gedir. Biz bu sahəni inkişaf etdirməklə, nəinki bu vəsaitin xaricə getməsinin qarşısını alarıq, həm də ixrac potensialımızı artıraraq ölkəyə xeyli valyuta gətirə bilərik. Barama və fındıq ixracı da ölkəyə böyük miqdarda xarici valyuta axınını vəd edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti