...

SOCAR istiqrazı sahiblərinin qazancı 5 milyon dollara çatdı

İqtisadiyyat Materials 16 Oktyabr 2017 10:47 (UTC +04:00)
Azərbaycanda ən populyar qiymətli kağız olan SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçiriləcək.
SOCAR istiqrazı sahiblərinin qazancı 5 milyon dollara çatdı

Bakı. Trend:

Azərbaycanda ən populyar qiymətli kağız olan SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçiriləcək.

"SOCAR Capital" şirkətindən Trend-ə verilən məlumata əsasən, oktyabrın 17-də SOCAR istiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait ödəniləcək.

Şirkətdən bildirilib ki, faiz ödənişi üçün tələb olunan vəsait artıq Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb. Oktyabrın 17-də həmin vəsaitlər istiqraz sahiblərinin bank hesablarında olacaq və onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər”.

Daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin sentyabr ayında 100 milyon ABŞ dollar həcmində buraxılıb. Oktyabr ayının 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan SOCAR istiqrazlarının hər birinin illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri 3 aydan bir olmaqla, ildə 4 dəfə həyata keçirilir.

Bu, SOCAR istiqrazları üzrə sayca dördüncü faiz ödənişidir. Əvvəlki faiz ödənişləri 17 yanvar, 17 aprel və 17 iyul tarixlərində baş tutub. Oktyabrın 17-də həyata keçiriləcək faiz ödənişini də nəzərə aldıqda, SOCAR istiqrazlarının sahibləri indiyədək 5 milyon dollar qazanmış olacaqlar.

Bununla da, SOCAR istiqralarının 5 il ərzində gətirəcəyi 25 milyon dollarlıq qazancın ilk 5 milyonu 17 oktyabr tarixində artıq istiqraz sahiblərinin hesabında olacaq.

SOCAR istiqrazları üzrə əməliyyatların şəffaflığı və rahatlığı, eləcə də, faiz ödənişlərinin qrafikə uyğun aparılması nəticəsində əhali və hüquqi şəxslər tərəfindən istiqrazlara böyük maraq formalaşıb. Olduca sərfəli şərtləri və yüksək gəlirliliyi nəticəsində SOCAR istiqrazları dövriyyədə olduğu bir il ərzində Azərbaycanın kütləvi olaraq alınıb-satılan ilk qiymətli kağızına çevrilib. Hazırda istiqrazlar ölkənin fond bazarında həm əhali, həm də şirkət və təşkilatlar tərəfindən ən çox alınan qiymətli kağızlardır. Fiziki şəxslərlə yanaşı, özəl şirkətlər də vəsaitlərini SOCAR istiqrazlarında saxlamağa üstünlük verirlər.

SOCAR istiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1 000 dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür. Bu, təkcə Azərbaycanda deyil, bütün regionda qiymətli kağızlar üçün tətbiq edilən ən əlverişli şərtlər sayılır. Bu xüsusiyyətlərlə SOCAR istiqrazları hazırda ölkəmizdə ən əlverişli və sərfəli investisiya alətinə çevrilib.

SOCAR istiqrazlarının buraxılmasında məqsəd əhalinin istifadəsiz saxladığı vəsaitləri iqtisadiyyata, o cümlədən SOCAR-ın həyata keçirdiyi layihələrə cəlb etmək, gəlirləri birbaşa əhali ilə bölüşmək və qiymətli kağızlar bazarının inkişafıdırına dəstək olmaqdır. İstiqraz buraxılışından əldə olunan vəsaitlər şirkətin maliyyələşmə imkanlarının şaxələndirilməsi, xaricə faiz ödənişlərinin azaldılması və faizlərin xaricə deyil, ölkə daxilinə, ölkə vətəndaşlarına ödənilməsi üçün istifadə edilib.

Ölkə vətəndaşları, eləcə də yerli və xarici fiziki, hüquqi şəxslər SOCAR istiqazlarını təkrar bazardan əldə edə bilərlər. Bunun üçün onlar ASAN Xidmətin 1 və 5 saylı Xidmət Mərkəzlərinə, eləcə də *19 99 qaynar xəttə müraciət etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti