...

Daha 68 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Materials 20 Noyabr 2017 11:29 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 19-da dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirəcək.
Daha 68 dövlət əmlakı hərraca çıxarılacaq

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 19-da dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirəcək.

Komitədən Trend-ə verilən məlumata görə, hərraca müxtəlif çeşidli 68 dövlət əmlakı çıxarılacaq. Bunlardan 24-ü kiçik dövlət müəssisə və obyekti, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 25-si səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Ağdaş Quşçuluq”, “Cəlilabad Məişət”, “İsmayıllı Sənaye İstehsal”, “Material Təchizat“, “Yevlax Kəndnəqliyyat” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Salyan Broyler” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 168 min manata yaxındır. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Qax Taxıl” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın 30% səhmi isə 150 min manata yaxın təklif olunur.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Şamaxı, Bərdə, Cəlilabad, İmişli, Gəncə və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 17 kv.m ilə 11 min 266 kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Balakəndə yerləşən Əmlak kompleksidir. Adı çəkilən əmlak 715 min manata təklif edilir. Torpaq sahəsi 37 min 602 kv.m-ə, ümumi faydalı sahəsi isə 11 min 266 kv.m-ə yaxındır. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 5-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək ilkin satış qiyməti paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Bu əmlak 116 min 500 manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 13 kv.m ilə 500 kv.m arasında dəyişir.

Daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Qaradağ rayonunda yerləşən 183 kv.m olan 15 saylı bazarın Qızıldaş filialını nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 10 min manat təşkil edir.

Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. 2007-ci il istehsalı olan Nissan Maxima markalı avtomobilin ilkin start qiyməti 5 min manat olmaqla alıcılar üçün olduqca əlverişlidir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2954

Məqalədə:
Xəbər lenti

Xəbər lenti